General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb - FOTOLAR

A- A A+

Avqustun 17-də general-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda dəfn edilib.

NUHÇIXAN xəbər verir ki, mərasimdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov, DSX-nin və Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Mərasimdə tabutun büküldüyü üçrəngli Azərbaycan Bayrağı mərhumun oğluna təqdim olunub.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, hərbi şərəf və ehtiram nişanı olaraq, tabut məzara qoyulduqdan sonra fəxri qarovul tərəfindən havaya üç dəfə yaylım atəşi açılıb.

General-mayorun ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb, əklillər qoyulub.

DSX-nın rəisi general-polkovnik Elçin Quliyev generalın Vətənə sədaqətli və dövlətə xidmət prinsipinə sadiq zabit olduğunu bildirib. O, general-mayorun yüksək peşəkarlığını, məsuliyyətli xidmət yolunu və Vətən qarşısındakı xidmətlərini xüsusi qeyd edib. Elçin Quliyev onun hər bir hərbi qulluqçu üçün nümunəvi zabit olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm xidmətləri olmuş, uzun illər dövlət sərhədlərimizin etibarlı mühafizəsinə şərəflə xidmət etmiş, Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsində çalışmış general-mayor Abbasəli Ramazan oğlu Novruzov 1937-ci il mayın 25-də Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Zeytə kəndində anadan olub.

Həyatının böyük hissəsini sərhədçi peşəsinə həsr edən Abbasəli Novruzovun hərbi xidmət yolu sıravi əsgər kimi başlayıb, yüksək peşəkarlığı, zəngin təcrübəsi, prinsipiallığı və Vətənə sədaqəti sayəsində məsul vəzifələrədək yüksəlib. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Məktəbinin hüquq bölməsini, daha sonra Dövlət Təhlükəsizlik Akademiyasını bitirib, hüquqşünas, hərbi tərcüməçi və əməliyyatçı kimi xidmət edib.

Peşəkar fəaliyyətinə və hüquq sahəsində xidmətlərinə görə 1979-cu ildə “Azərbaycan SSR əməkdar hüquqşünası” fəxri adına, həmçinin “SSRİ DTK-nin fəxri əməkdaşı” adına layiq görülüb.

Müstəqilliyimizin ilk illərində, dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsinin, milli sərhəd mühafizə sisteminin formalaşdırılmasının və Sərhəd Qoşunlarında idarəetmənin təkmilləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığı bir dövrdə Ümummilli Lider Heydər Əliyevin qərarı ilə Abbasəli Novruzov 1994-cü il aprelin 8-də Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilib.

Azərbaycanın müstəqil dövlət olaraq öz sərhədlərini milli qüvvələri hesabına qoruması prinsipini ardıcıl müdafiə edən Abbasəli Novruzov beynəlxalq və regional görüşlərdə ölkəmizin dövlətçilik maraqlarını qətiyyətlə ifadə edib. Onun “Azərbaycan müstəqil dövlətdir, öz sərhədlərini özü qorumalıdır” mövqeyi müstəqil milli sərhəd mühafizə sisteminin qurulmasına yanaşmasının əsas mahiyyətini əks etdirib və Azərbaycanın xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, dövlət təhlükəsizliyinin, sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

General-mayor Abbasəli Novruzov avqustun 16-da ömrünün 90-cı ilində vəfat edib.

Abbasəli Novruzovun uzun və şərəfli xidmət yolu, dövlət sərhədlərimizin mühafizəsinin təşkilində göstərdiyi xidmətlər və Azərbaycan sərhədçisinin peşəkar ənənələrinin formalaşmasına verdiyi töhfələr daim ehtiramla xatırlanacaq. Onun əziz xatirəsi onu tanıyanların, silahdaşlarının və sərhədçilərin qəlbində daim yaşayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: