Üstündən 74 il ötsə də, ağrıları hələ də yaşanan 1941-1945-ci illər müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən ağırı, ən dəhşətlisi olub. Milyonlarla insanın həyatına son qoyulduğu, yaralandığı və əsir düşdüyü bu müharibədə 600 mindən çox azərbaycanlı qəhrəmanlıqla vuruşmuşdur. Onlardan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdı. Azərbaycanlılar əlavə beş milli - 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyaları formalaşdırmışdılar. Minlərlə azərbaycanlı müharibənin başlandığı ilk gündən döyüş cəbhəsinə yollanmışdı. Arxa cəbhədə qalan yaşlı kişi və qadınlar isə döyüşə gedənləri əvəz edirdilər. Müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədəki fədakarlıqları bu gün fəxarətlə xatırlanır. Çünki faşizmə qarşı mübarizədə ön cəbhələrdə fəallıq göstərən, sağlamlığını itirən, doğma yurda sinəsi orden və medallarla qayıdan həmyerlilərimiz bizim üçün qürur və iftixar mənbəyidir.
O illərdə 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhəyə yollanmış, onların isə 450 mini və ya 65 faizi orden və medallarla təltif olunmuş, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədə iştirak etmiş azərbaycanlıların təxminən yarısı həlak olmuşdur. Macarıstan və Yuqoslaviyanın faşistlərdən təmizlənməsində 223-cü diviziya qəhrəmanlıq göstərmiş, 416-cı diviziyanın əsgərləri isə Berlində qələbə bayrağını ilk qaldıranlardan olmuşlar. Onu da qeyd edək ki, 402-ci atıcı diviziya Naxçıvanda formalaşdırılaraq birbaşa cəbhəyə yola salınmışdı. Təkcə müharibənin başlandığı gün ərzində, 1941-ci il iyulun 22-də Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanmışdı ki, onun da 38 faizi 18 yaşı tamam olmuş gənclər idi. Bütövlükdə, 29 min 500 nəfər muxtar respublika sakini 1941-1945-ci illərin müharibəsində iştirak etmişdir. Könüllü müharibəyə gedənlərin yüz nəfərə yaxını qadınlar idi. Cəbhəyə yollananların hər iki nəfərindən biri – 16 min naxçıvanlı həlak olmuşdur. Həmyerlilərimiz öz döyüş şücaət və qəhrəmanlıqları ilə tarixə düşmüş, onlardan üçü – Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və Qəzənfər Əkbərov o dövrün ən yüksək mükafatına – “Sovet İttifaqı Qəhrəmanı” adına, Rəhim Rəhimov isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 600 nəfər müxtəlif orden və medallarla təltif edilmişdir. 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 29 nəfər “Qırmızı Bayraq” ordenləri ilə təltif edilmişdir.
Təkcə döyüşən ordudakılar yox, arxa cəbhədəkilər də gecə-gündüz çalışaraq qələbənin qazanılmasına öz töhfələrini vermişlər. Alman faşizminə qarşı mübarizədə, qələbənin qazanılmasında ən mühüm rolu isə Azərbaycan nefti oynamışdır. Belə ki, həmin illərdə Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtkü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksəkkeyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq respublikamızda istehsal edilirdi. Azərbaycan Respublikasının sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növ silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi. Bununla yanaşı, cəbhəyə kömək məqsədilə digər imkanlardan da istifadə olunurdu. Həmin dövrdə təkcə Naxçıvan Muxtar Respublikasından müdafiə fonduna 12 kiloqram qızıl və gümüş, 180 milyon 89 min manat nağd pul, 70 min ton ət və digər ərzaq məhsulları, 160 min dəstdən çox isti paltar, 10 mindən artıq bağlama göndərilmişdir.
Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.
Müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2019-cu il 23 aprel tarixli Sərəncamı bu qayğının növbəti göstəricisidir.
Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da 1941-1945-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilmişdir. Hər il 9 May – Qələbə Günü muxtar respublikada geniş şəkildə qeyd olunur, 1941-1945-ci illər müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlara xüsusi diqqət və qayğı göstərilir. 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr önündə tədbirlərin keçirilməsi, müharibə veteranlarına hədiyyələrin verilməsi və digər tədbirlər bu kateqoriyadan olan insanlara göstərilən diqqətin əyani ifadəsidir.
1941-1945-ci illər müharibəsinin qələbə ilə başa çatdırılmasında həlledici rol oynayan Azərbaycan xalqı müharibədə şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini heç vaxt unutmur. 1941-1945-ci illər, eləcə də Azərbaycan Vətən Müharibəsi iştirakçılarının şərəfli ömür yolu sonrakı nəsillər üçün də bir məktəbdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün cəmiyyətimizdə müharibə veteranlarına böyük hörmət və ehtiram vardır. Onların döyüşlərdə göstərdikləri rəşadət, müharibədən sonrakı bərpa və quruculuq illərində çəkdikləri zəhmət Vətənə xidmət nümunəsi – həyat dərsidir. Vətəni sevmək, Vətən torpağını qorumaq və mənsub olduğu ölkəni inkişafa qovuşdurmaq dərsidir. Gənc nəsil bu dərsi mənimsəyərək özündən sonrakı nəsillərə ötürməli, nəsillər arasındakı varislik ənənələri davam etməlidir”.