Misir mətbuatında Şuşanın işgalının 27-ci ildönümünə həsr edilən məqalə dərc olunub - FOTOLAR
Misirli jurnalist-tədqiqatçı, “Asiaelyoum” İnformasiya Agentliyinin rəhbəri Əbu Bəkr Əbu Məcd Agentlikdə, həmçinin Misirin “Al-Masriya” və “Əl-Omah” saytlarında “Şuşanın işğalından 27 il ötür” başlıqlı məqaləsini yayıb.
NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından (1992-ci il mayın 8-də) 27 il ötdüyünü qeyd edilib, Şuşanın Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri olduğu, təbii gözəllikləri ilə seçilən bu şəhərin milli memarlığın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi sayıldığı vurğulanıb.
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə çox sayda azərbaycanlının şəhid olduğunu və yüzlərlə insanın yaralandığını, bir çoxunun əsir və girov götürüldüyünü qeyd edən misirli jurnalist ermənilərin Şuşanı işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdiklərini, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdıqlarını, məbədgah və məscidləri təhqirlərə məruz qoyduqlarını, çox sayda nadir əlyazma nümunələrini məhv etdiklərini, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdiklərini xüsusi olaraq diqqətə çatdırır
Məqaləsinin sonunda jurnalist işğalçı Ermənistan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrini hələ də yerinə yetirmədiyini, tutduğu qeyri-konstruktiv mövqe səbəbi ilə Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarının indiyədək heç bir nəticə vermədiyini bildirir.