Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində veteranlarla görüş keçirilib - FOTOLAR
1941-1945-ci illər müharibəsinə 700 minə yaxın azərbaycanlı yollanıb, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif olunub, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
NUHÇIXAN xəbər verir ki, bu faktlar Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Naxçıvan Qarnizonunun şəxsi heyəti ilə alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Əvvəlcə İkinci Dünya müharibəsində həlak olan soydaşlarımızın, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Zaur Həmidov tədbirin məqsəd və mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.
Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov “Alman faşizmi üzərində Qələbədə Azərbaycan xalqının rolu və qəhrəmanlıq nümunələri” mövzusunda çıxış edərək qeyd edib ki, 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətlərini, həmçinin arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini Azərbaycan xalqı heç vaxt unutmayacaqdır. Bugünkü və gələcək nəsil üçün nümunə olan həmin qəhrəmanların şərəfli ömür yolu bir məktəbdir.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanovun, Naxçıvan Şəhər Veteranlar Şurasının sədri, əmək veteranı Davud Süleymanovun, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərovun və müharibə veteranı Abdulla Səfərovun çıxışları dinlənilib.
Tədbirdə müharibə veteranlarından Vəli Qasımov, Cəfər Əliyev, Abdulla Səfərov arxa cəbhə veteranı Sultan İsmayılova və digərlərinə fəxri fərmanlar təqdim edilib.
Sonda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanova həsr olunmuş “Mən sizi dünyalar qədər sevirdim” bədii filmi nümayiş olunub.