Laçın Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin və milli yaddaşının ayrılmaz parçasıdır. 18 may 1992-ci ildə işğala məruz qalan bu qədim şəhər 30 ilə yaxın həsrət və ayrılıq yaşadı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində Laçın rayonu 1 dekabr 2020-ci ildə işğaldan azad edildi.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi nəticəsində Laçın şəhəri, Zabux və Sus kəndləri də 26 avqust 2022-ci ildə tam şəkildə Azərbaycanın nəzarətinə qayıtdı. Dövlət başçısının rəhbərliyi ilə qısa müddətdə yeni alternativ yolun inşa olunması Laçın şəhərinə və ətraf yaşayış məntəqələrinə nəzarətin bərpasında mühüm tarixi rol oynadı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü kimi təsis edildi. Bu qərar Laçının azad edilməsinin Azərbaycan xalqının şanlı tarixindəki yerinə verilən yüksək dəyərin ifadəsidir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın yeni inkişaf dövrünü yaşayır. Şəhərdə və rayonda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, yeni infrastruktur yaradılır, sənaye müəssisələri və sosial obyektlər açılır, enerji layihələri icra olunur. Ən əsası isə Böyük Qayıdışın davamı olaraq laçınlıların doğma yurdlarına qayıdışı təmin edilir.
Laçın artıq təkcə azadlığın deyil, həm də yenidənqurmanın, dirçəlişin və tarixi ədalətin bərpasının rəmzidir.
26 Avqust – Laçın Şəhəri Günü münasibətilə bütün xalqımızı, xüsusilə laçınlı soydaşlarımızı ürəkdən təbrik edir, azad Laçınımıza əbədi inkişaf və firavanlıq arzulayıram.
Mahir İsmayılov
Naxçıvan MR Ali Məclisin deputatı
