Vüqar Rəhimzadə: Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafında mühüm rol oynayır

A- A A+

Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin möhkəmlənməsi qarşılıqlı səfərlərin dinamikliyi ilə yanaşı, regional və beynəlxalq təşkilatlar daxilində əlaqələrin uğurlu inkişafında da özünü aydın şəkildə nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyevin nüfuzu, siyasi iradəsi və strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı bir dövrdə “orta güc dövləti”nə çevrilməsini təmin edir. Bu mühüm amil Azərbaycanın malik olduğu üstünlüklər sırasındadır. Yeni dünya nizamının formalaşdığı hazırkı mərhələdə Azərbaycanın mövqeyinə, hər bir hadisəyə yanaşmasına verilən önəm diqqətdən kənarda qalmır. Bu reallığı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin təqdimatı, eyni zamanda, yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş imkanların açılmasında, sülh təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynadı. Hazırda Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə münasibətlərinin yüksələn xətlə inkişafında da qeyd etdiyimiz amillər mühüm rol oynayır. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimada əsaslanan fəal siyasi dialoq, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə bu ölkənin Prezidenti Sadır Japarova ünvanladığı təbrik məktubunda qeyd edildiyi kimi, ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ildən-ilə inkişaf edərək bu gün müttəfiqlik səviyyəsinə çatması və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur. Məktubda bu əminlik də ifadə edilir ki, Azərbaycan-Qırğızıstan əlaqələri və müttəfiqliyi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcək.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlham Əliyevin bu ilin iyul ayının sonunda Qırğızıstana dövlət səfəri, onun ardınca avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin əsas göstəricilərindəndir. Bu səfərlər iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Azərbaycan-Qırğızıstan münasibətlərinin cari ilin iyul ayında imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə yeni mərhələyə yüksəlməsi, Dövlətlərarası Şuranın fəaliyyəti, yüksəksəviyyəli qarşılıqlı səfərlər və humanitar layihələr iki ölkə arasında əməkdaşlığın möhkəm institusional əsaslara malik olduğunu göstərir. Qırğızıstanın ŞƏT-ə sədrliyi fonunda bu münasibətlərin yüksək səviyyəsi Azərbaycanın təşkilatla əlaqələri üçün əlavə siyasi və iqtisadi imkanlar yaradır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hər bir ölkənin coğrafi mövqeyi, regional proseslərə təsir imkanları və müxtəlif iqtisadi məkanları birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşməsi də onun strateji əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. Bu baxımdan Azərbaycan üstünlükləri ilə diqqətdədir. Bu sırada Azərbaycanın coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi xüsusi qeyd edilir. Həmçinin enerji təhlükəsizliyinin təmin edilməsində rolu, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri, beynəlxalq arenada müstəqil mövqeyi də əsas üstünlükləri sırasındadır.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Azərbaycanın hər zaman əməkdaşlığa böyük önəm verməsi və bunu real addımları ilə təsdiqləməsi hazırda həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin uğurlu inkişafında əhəmiyyətli rol oynayır. Bu gün bunu Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı münasibətlərində də aydın şəkildə görürük. Ölkəmizin bu təşkilatla münasibətlərinin dinamikası rəsmi Bakının çoxşaxəli və balanslı xarici siyasət strategiyasının bir hissəsidir. Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Dövlət Başçıları Şurasının Zirvə görüşü Qırğızıstan Prezidenti Sadır Japarovun ev sahibliyi və sədrliyi ilə keçiriləcək. Sammitin “ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və rifah naminə birlikdə” mövzusu özündə mühüm çağırışları, tədbirin mahiyyətini ehtiva edir. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə - Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər. 2015-ci ildə ŞƏT-in Dövlət Başçıları Şurasının iclasında Azərbaycana “dialoq üzrə tərəfdaş” statusunun verilməsi ilə bağlı qərar qəbul edildi. 2016-cı ildə isə Pekində Azərbaycanın “dialoq üzrə tərəfdaş” statusunu rəsmiləşdirən Memorandum imzalanıb. 2022-ci ildə Səmərqənddə ŞƏT sammitində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Dövlət başçısı İlham Əliyev 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantısının iştirakçısı olub. Bununla da, institusional əlaqələr yeni müstəviyə keçib. Həmin sammitdə Azərbaycan ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə imzalanıb. 2025-ci ilin sentyabr ayında Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə Prezident İlham Əliyevin çıxışı Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələrinin bu günü və gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycanın əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyini şərtləndirən amillərin təqdimatında əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər açır. Sülh gündəliyinin möhkəmlənməsi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarının genişlənməsinə, regional logistikanın inkişafına və yeni iqtisadi layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycanın Mərkəzi Asiya və daha geniş ŞƏT məkanı ilə bağlantı imkanlarını artıracaq amillərdən biridir. Dövlət başçısı İlham Əliyev ötən il Çinin Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdəki çıxışında bir daha bildirmişdir ki, Azərbaycan Çin Xalq Respublikasının sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq. Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Bu əminlik də ifadə edilmişdir ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri zamanı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlərin hər biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın göstəricisidir. Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də diqqətdən kənarda qalmadı. Liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər. Görüşdə birbaşa ikitərəfli təmasların qurulması vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımların davam etdirilməsi barədə razılıq əldə edilib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları xarici siyasətinin mühüm tərkib hissəsidir. Bu çağırışlar konkret nəticələrdə öz əksini tapır. Bu gün Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı münasibətlərində də bu amilin rolu böyükdür. Onu da qeyd edək ki, ŞƏT bir tərəfdən dünyanın ən böyük əhali və istehlak bazarlarını, digər tərəfdən zəngin enerji və xammal resurslarına malik ölkələri, eyni zamanda, Avrasiyanın əsas quru nəqliyyat marşrutlarını bir platformada birləşdirir. Bu xüsusiyyət təşkilatın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır. Azərbaycan bu nəhəng məkanla yalnız ikitərəfli əlaqələr vasitəsilə deyil, institusional əməkdaşlıq çərçivəsində də bağlıdır. Qeyd etdiyimiz kimi, ölkəmiz 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşıdır. Bu status Azərbaycanın təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar gündəliyi ilə əlaqələrini genişləndirməsinə imkan verib. Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin uğurlu inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və sair istiqamətlər üzrə bağlantılar yaradır. Nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı məkanı Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas quru nəqliyyat istiqamətlərinin böyük hissəsini əhatə edir, bu halda Çin və Mərkəzi Asiyanın istehsal və ticarət mərkəzləri, Rusiya, İran və Hindistan istiqamətləri, Xəzər hövzəsi və Qərb bazarları arasında əlaqələrin genişlənməsi yeni logistika imkanlarını ön plana çıxarır. Azərbaycan bu xəritədə xüsusi coğrafi mövqeyə malikdir. Azərbaycan-ŞƏT münasibətlərində siyasi dinamika əhəmiyyətli dərəcədə artıb. Bu prosesdə Çin amili xüsusi əhəmiyyət daşıyır. Azərbaycan-Çin münasibətlərinin son illərdə yeni səviyyəyə yüksəlməsi ŞƏT çərçivəsində əməkdaşlığın praktiki məzmununu gücləndirən amillərdəndir. Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməsi, Çində “Azərbaycan Ticarət Evi”nin fəaliyyət göstərməsi, ticarət, investisiya və logistika sahələrində əlaqələrin genişlənməsi iki ölkə arasında əməkdaşlığın iqtisadi əsaslarını möhkəmləndirir. Çinin ŞƏT-in aparıcı dövlətlərindən biri olması və Azərbaycanla strateji tərəfdaşlığının inkişafı bu istiqamətdə yeni imkanlar yaradır. Ümumilikdə Azərbaycanın nəqliyyat, enerji, investisiya və diplomatik potensialı regional əməkdaşlığın daha da möhkəmləndirilməsini, həmçinin dünya siyasətində rolunun artmasını şərtləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: