Rusiya xarici siyasət idarəsi bir neçə gün əvvəl "Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin yayılmasına və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onunla bağlı digər dözümsüzlüklərin artmasına kömək edən digər praktikaların yayılması ilə bağlı vəziyyət haqqında” hesabatını öz rəsmi səhifəsinə yerləşdirib.
Şimal qonşumuzu narahat edən məqam ondan ibarətdir ki, dünyanın bəzi ölkələrində nasizmin, neonasizmin təzahürlərinin artmasına və İkinci Dünya müharibəsinin tarixini yenidən yazmağa cəhdlər özünü büruzə verir. Artıq bütün dünya gələn il alman faşizmi üzərində böyük Qələbənin 75 illiyini qeyd etməyə hazırlaşır. Rusiya xarici siyasət idarəsi yaydığı məruzədə tarixi təhriflərə və nasizmin ideallarının təbliğinə yol verilməsindən narahatlığını bildirir. Məruzədə geniş yer alan məqamlardan biri də üç Qafqaz respublikasındakı vəziyyətlə bağlıdır. Sənəddə ciddi tənqidlərə məruz qalan Ermənistan Respublikasıdır. Nazirliyin saytında dərc edilən hesabatda deyilir ki, Ermənistanda faşizmin əlaltılarının qəhrəmanlaşdırılması meyilləri reallıqdır. Burada nasist Almaniyasının əlaltılarından biri Qaregin Njdedən, artıq nasizmlə aralarında sədd itən qatı millətçi hərəkatlardan danışılır. Eyni zamanda o da qeyd olunur ki, Ermənistanda nasizmin tam bərpası və neonasist əhvali-ruhiyyələrin qızdırmalı epidemiyası müşahidə olunmasa da, keçmiş hakim partiya Üçüncü reyxlə əməkdaşlıq edən Qaregin Njde kimi millətçi siyasi liderin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atmışdır. Sənəddə dəqiqləşdirilir ki, Ermənistanın siyasi təşkilatlarının sırasında ötən il siyasi partiya kimi qeydiyyata alınan "Sasna Tsrer” millətçi partiya mövcuddur. Bu partiyanın ideologiyasının əsasında Ermənistan Respublikasının tanınmasından "cinayətkar Rusiya-Türkiyə sövdələşməsinin nəticəsi” kimi imtina etmək, "Yeni dövlətin” qurulması üçün mübarizənin labüdlüyünü təsdiqləmək dayanır. Partiya "yeni Ermənistanın” ərazisinə bugünkü Ermənistanın, Dağlıq Qarabağın əraziləri daxil edir, həmçinin bütün Ermənistan diasporunun referendum keçirmək yolu ilə "yeni dövlət”ə cəlb edilməsini düşünür. Partiyanın proqramına həmçinin "Rusiya kolonializminin tapdadığı” hüquqların bərpası, Naxçıvanla və Axuran çayından şimaldakı ərazilərin qaytarılması daxildir.
Sənədin ölkəmizə həsr edilmiş fəslində qeyd olunur ki, Azərbaycan Respublikasında neonasizm, rasizm, irqi ayrı-seçkilik mövcud deyil. Azərbaycan rəhbərliyinin səyləri ona yönəlib ki, ölkədə bütün xalqlar dinindən və millətindən aşılı olmayaraq tolerant mühitdə yaşaya bilsinlər. Rusiyanın xarici siyasət idarəsinin sənədində xüsusi olaraq qeyd edilir ki, Azərbaycan sovet xalqının faşist Almaniyası üzərindəki qələbəsinin tarixi missiyasının qorunmasında, İkinci Dünya müharibəsinin tarixinin təhrif edilməsinin qarşısının alınmasında, nasizmin qəhrəmanlaşdırılmamasında Rusiya ilə bir mövqedən çıxış edir. Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) ona da diqqət yetirir ki, Azərbaycanda milli, irqi, dini ayrı-seçkilik zəminində baş verən cinayətlərdə müttəhimlərə cəza kəsilərkən bu əməllərə ağırlaşdırıcı hal kimi baxılır.
Rusiya XİN-in məruzəsində Gürcüstanda nasistlərin qəhrəmanlaşdırılmasının dövlət səviyyəsində olduğu bildirilib və bu, ölkədə geniş tənqid edilib.
Sənəddə məxsusi olaraq dilə gətirilməsə də, aydın görünən odur ki, Rusiyanın Qafqazda yeganə həmfikiri və sadiq müttəfiqi Azərbaycandır. Biz bunu Rusiyanın ədalətli seçimi kimi də qiymətləndirə bilərik.
Rusiyalı politoloq, tarixçi və hüquqşünas Oleq Kuznetsov Ermənistandakı proseslərə daha sərt qiymət verir. Alim artıq neçə ildir ki, erməni millətçiliyinin tarixi köklərini araşdırır, onların alman faşizmi ilə əməkdaşlığını tutarlı və danılması mümkün olmayan tarixi faktlarla üzə çıxarır. Maraqlısı odur ki, Kuznetsovun təqdim etdiyi faktlar sovet təhlükəsizlik orqanlarının arxivlərində uzun müddət "tam məxfilik” qrifi altında saxlanılmış, erməni faşizmini ifşa etmək gücündə olan bu sənədlər ilk dəfə ictimaiyyətin diqqətinə Bakıda təqdim edilmişdir.
Oleq Kuznetsovun araşdırmalarından aydın olur ki, 1933-cü il iyulun 16-da "Njde” ləqəbi altında tanınan Qaregin Ter-Arutunyan ABŞ-ın Massaçusets ştatındakı Bostonda keçirdiyi konfransda "Tseqekron”, sonralar isə "Erməni gənclər federasiyası”na çevrilən təşkilatı təsis edir. Beləliklə, Njde erməni ariliyinə söykənən faşist ideologiyasını hərəkətə gətirərək nəzəriyyə müstəvisindən real müstəviyə, açıq fəaliyyətə keçir. Məhz həmin il alman Nasional-Sosialist Fəhlə Partiyasının lideri Adolf Hitler Almaniyanın reyx-kansleri təyin edilir və Fransada heç kimin heç vaxt yaxından tanımadığı naməlum antropoloq J.Montadon nasistlər kimi "qədim” tarixə malik xüsusi "armenoid irqi”nin olduğunu bəyan edir. Bu hadisələr artıq təsadüflər yox, erməni nasizminin ayaq alıb yeriməsi idi. Njde artıq təşkilatını yaradanda alman xalqının fürerinin dəstəyini qazanmağa çalışırdı. Alman nasistlərinin sırasına daxil olduqdan sonra onların hərbi-texniki qüdrətini erməni nasistlərinin maraqlarının təmin edilməsinə yönəltmək mümkün idi. Onun üçün alman irqinin ağalığından "armenoid irqi”nin qüdrətini vəsf etmək daha sərfəli idi.
1948-ci il noyabrın 18-də SSRİ daxili işlər nazirinin imzası ilə "Tam məxfi” qrifi altında Stalin, Molotov, Beriya, Malenkov üçün arayış hazırlanır, bir qədər sonra isə bir nüsxə də Dövlət Təhlükəsizliyi Nazirliyinin idarə rəisi general-polkovnik A.Z.Kabulova verilir. Sənəddə III Reyxlə erməni millətçilərinin əməkdaşlığını təsdiq edən aşağıdakı məlumatlar yer almışdı: "Daşnaklar komitələri olan bütün ölkələrdə almanları maraqlandıran məlumatları toplayırlar. Bu, ilk növbədə Sovet İttifaqına, Mərkəzi Amerika ölkələrinə və İngiltərəyə aiddir. Xüsusi vacib hallarda daşnaklar bu ölkələrdəki alman nümayəndəlikləri ilə birbaşa əlaqə saxlamağa borcludurlar”. "Kəşfiyyat məlumatları toplamaqdan savayı ermənilər həm də almanların tapşırığı ilə Rumıniyada 1940-cı ilin yayında faşistlərin Hollandiyada şəxsi adamlardan və şirkətlərdən qarət yolu ilə əldə etdikləri brilyant və digər qiymətli daş-qaşların qeyri-qanuni ticarəti ilə məşğul olublar”. Burada əsasən Niderland-yəhudi zərgərlərdən nasistlərin topladığı zərgərlik məmulatlarının, bəzək əşyalarının qeyri-qanuni alveri nəzərdə tutulur.
Sənəddə erməni nasistlərinin ərazi iddialarının intəhasız olduğu belə göstərilir: "Daşnaklar almanlara öz istəklərini də çatdırıblar. Bu xahişin mahiyyəti ondan ibarət idi ki, SSRİ ilə müharibə baş verən halda Almaniyanın tərkibində daşnak partiyasının hakimiyyətdə olduğu erməni dövləti yaransın. Erməni millətçiləri Türkiyənin bəzi ərazilərinin, Azərbaycanda Dağlıq Qarabağın, Gürcüstanda Borçalı vilayətinin Ermənistana birləşdirilməsini təvəqqe edirdi”.
Oleq Kuznetsov onu aydınlaşdırmışdı ki, daşnakların almanlarla əməkdaşlığa cəlb edilməsi həm də erməni emiqrantlarının mühakimə olunmuş lideri, "Njde” ləqəbli Ter-Arutunyan tərəfindən təsdiq edilir. Njde o zaman SSRİ Daxili İşlər Nazirliyinin Vladimir həbsxanasında cəzasını çəkirdi. Qaregin Njde etiraf edir ki, 1940-cı ildən onun yaratdığı "Tseqekron” təşkilatı və digər erməni millətçiləri şüurlu və məqsədyönlü şəkildə alman nasistləri ilə əməkdaşlıq etmişdir. "Tseqekron”u ermənilər özü dəfələrlə "nasistlər” kimi tərcümə ediblər. Maraqlıdır ki, erməni nasistləri faşistlərlə əməkdaşlıqda yalnız hərbi və iqtisadi kəşfiyyatla kifayətlənməmiş, həm də Holokost qurbanlarından qarət edilən zinətlərin qeyri-qanuni ticarəti ilə də məşğul olmuşlar. Njde özü təsdiq edir ki, o, şəxsən alman nasizminin tərəfdarıdır və onun yaratdığı tseqekron ideologiyası açıq nasist ideologiyasının surətidir, özü isə qatı hərbi cinayətkardır. Təəssüf ki, erməni xalqı da, Yerevana gələn minlərlə əcnəbi və siyasi xadimlər də ziyarət edib önündə baş əydikləri Njdenin kimliyinin fərqində deyillər.
Erməni terrorizmini və nasizmini illərlə araşdıran və ciddi təqiblərə məruz qalan politoloq Oleq Kuznetsov bu gün Rusiya XİN-in hesabatını öz əməyinin bəhrəsi kimi qiymətləndirir .
Bahadur İMANQULİYEV,
"Azərbaycan” qəzeti