3 SENTYABR 1991-Cİ İL: QURTULUŞA GEDƏN YOLUN BAŞLANĞICI

Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsinin 35-ci ildönümünə həsr olunur.

A- A A+

 

1990-cı illərin əvvəlləri Azərbaycanın müstəqillik tarixində taleyüklü siyasi hadisələrin bir-birini sürətlə əvəz etdiyi, köhnə siyasi sistemin artıq dağılmaqda olduğu, yeni dövlətçilik modelinin isə hələ tam formalaşmadığı mürəkkəb bir mərhələ idi. Sovet İttifaqında dərinləşən siyasi və iqtisadi böhran mərkəzi hakimiyyətin əvvəlki təsir imkanlarını itirməsi ilə müşayiət olunur, ittifaq respublikalarında milli iradənin və siyasi özünüdərkin güclənməsi müstəqillik məsələsini tarixi gündəliyin başlıca mövzusuna çevirirdi. Azərbaycan da bu proseslərin ən fəal mərkəzlərindən biri idi.

Məhz belə bir mürəkkəb geosiyasi konyunkturada respublikanın gələcək taleyini müəyyən edən əsas amil xalqın xilaskarına çevriləcək tarixi şəxsiyyətin – Ulu Öndər Heydər Əliyevin siyasi səhnəyə qayıdışı oldu. Hələ SSRİ-nin tam çöküşündən əvvəl mərkəzi hakimiyyətə, xüsusən də Mixail Qorbaçovun antimilli siyasətinə qarşı ən sərt mövqedə dayanan Heydər Əliyev Azərbaycanın qurtuluş mübarizəsinin ideoloji mərkəzində qərarlaşmışdı. Azərbaycanda gedən prosesləri yaxından izləyən Ulu Öndər respublikada, xüsusilə də Naxçıvanda cərəyan edən milli-azadlıq hərəkatına böyük həssaslıqla yanaşırdı. 1990-cı ilin əvvəllərində Naxçıvanda sovet idarəetmə sisteminin faktiki olaraq iflasa uğraması, SSRİ-İran sərhədlərinin sökülməsi və 19 yanvarda muxtar respublikanın SSRİ tərkibindən çıxaraq öz müstəqilliyini elan etməsi imperiya daxilində atılmış ilk və bənzərsiz addım idi. Heydər Əliyev həmin günü daha sonralar belə xatırlayırdı: “Mən Moskvada olarkən eşitdim ki, Naxçıvan MSSR SSRİ tərkibində çıxmaq haqqında qərar qəbul edib. İndi Sovetlər İtiifaqı dağılıb. O vaxtdan çox illər keçib, çox şeylər unudulub. Sovetlər İttifaqında olan ölkələr öz müstəqilliklərini elan ediblər. Ancaq naxçıvanlıların bu cəsarətli addımı o vaxt Sovetlər İttifaqında yeganə addım idi.”

Lakin bu tarixi bəyannamədən cəmi bir gün sonra – 20 Yanvar tarixində imperiya rəhbərliyinin Bakıda mülki əhaliyə qarşı həyata keçirdiyi qanlı qırğın xalqın müstəqillik ruhunu qan içində boğmağa yönəlmişdi. Bütün dünyanın susduğu və Azərbaycanın tam informasiya blokadasında saxlanıldığı bir vaxtda xalqın haqq səsini qlobal ictimaiyyətə çatdıran yenə də Heydər Əliyev oldu. Faciədən dərhal sonra, 21 yanvar 1990-cı ildə həyatını təhlükəyə ataraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələn Ulu Öndər sovet rəhbərliyinin cinayətkar siyasətini mərkəzin özündə sərt şəkildə ifşa etdi, dinc əhaliyə qarşı hərbi təcavüzü hüquqa, demokratiyaya və humanizmə zidd adlandırdı. Məhz bu tarixi bəyanat həm Heydər Əliyevin xilaskarlıq missiyasının aktiv mərhələyə keçməsi, həm də mərkəzin dahi liderə qarşı amansız təqib və qarayaxma kampaniyasını işə salması ilə nəticələndi.

Rusiyada məqsədyönlü şəkildə formalaşdırılan təcrid və təhdid mühiti Ulu Öndəri qətiyyətindən döndərə bilmədi. Xalqının ən ağır günündə onun yanında olmağı özünün mənəvi borcu bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya qayıtdı. Lakin dövrün mərkəzi respublika rəhbərliyi, xüsusən də Mütəllibov rejimi Heydər Əliyev fenomenini, onun xalq arasındakı sarsılmaz nüfuzunu öz naşı siyasi maraqlarına və hakimiyyətinə ən böyük təhlükə kimi dəyərləndirdi. Dahi rəhbərə qarşı paytaxtda yürüdülən kəskin izolyasiya siyasəti və yaradılan dözülməz şərait onu cəmi iki gün sonra doğma Naxçıvana üz tutmağa vadar etdi. İllər sonra Ulu Öndərin "Ətrafımdakı səlahiyyətli şəxslər mənə maneə törədirdi. Keçmiş fəaliyyətimi nəzərdən keçirmək üçün komissiya yaradıldı. Moskvadakı isti mənzilimdən qışda 40 dərəcə şaxta olan Naxçıvana gəlməyə məcbur oldum. Kabinetimdə palto və papaqla otururdum, əllərimi isitməyə belə imkan tapmırdım. Mən belə şəraitdə yaşayırdım və inanırdım ki, daha siyasətə qayıda bilməyəcəm" deyə xatırladığı o məşəqqətli günlər, əslində, müasir Azərbaycan dövlətçiliyinin yenidən doğuşunun və milli dövlətçiliyin yeni intibahının təməl daşlarının qoyulduğu mühüm bir tarixi mərhələ idi.

Lakin heç bir siyasi maneə və hədə-qorxu liderlə xalq arasındakı üzvi bağı qıra bilməzdi. Naxçıvan əhalisi özünün böyük xilaskarına birmənalı şəkildə sahib çıxdı. Regionda formalaşmış milli mühit və xalqın təkidli tələbi hüquqi müstəvidə də öz həllini tapdı – 1990-cı il avqust ayının 21-də Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri Afiyəddin Cəlilovun müvafiq qərarı ilə Ulu Öndərə muxtar respublika vətəndaşlığı statusunun verilməsi onun siyasi proseslərdə bilavasitə iştirakına hüquqi zəmin yaratdı. Bu status dahi şəxsiyyətə sentyabr ayında baş tutacaq Azərbaycan SSR parlament seçkilərində iştirak etməyə imkan verdi. Təsadüfi deyil ki, xalqın öz rəhbərinə olan mütləq etimadı seçki bülletenlərində də tarixi bir mənzərə formalaşdırdı; Nehrəm seçicilərinin 95 faizinin səsini qazanan Heydər Əliyev fəal siyasətə Azərbaycan dövlətçiliyinin memarı qismində möhtəşəm dönüş etdi.

Yeni formalaşdırılan məclisin ilk sessiyası noyabrın 17-də həyata keçirildi. Həmin gün Azərbaycanın milli dövlətçilik tarixində əsl dönüş nöqtəsi oldu. Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin yeni formalaşmış tərkibinin ilk sessiyası qəbul etdiyi inqilabi qərarlarla bütün imperiyaya meydan oxudu. Ulu Öndərin tarixi təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul edilməsi, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, 20 Yanvarın Milli Matəm Günü elan olunması və analoji məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Soveti qarşısında məsələ qaldırılması müstəqil dövlətçiliyimizin bərpası istiqamətində atılmış ilk və ən qətiyyətli hüquqi-siyasi aktlar kimi tarixə düşdü. 

Naxçıvan Ali Sovetinin bu müraciəti rəsmi olaraq 5 fevral 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən qəbul edildi. Bu ortaq qərarlara rəğmən Azərbaycan və Naxçıvan MR arasında uzlaşmazlıqlar davam edirdi. 1991-ci ilin mürəkkəb siyasi təlatümləri fonunda, rəsmi Bakının yenilənmiş İttifaq müqaviləsi (Suveren Respublikalar İttifaqı) çətiri altında parçalanmaqda olan SSRİ-ni qoruyub saxlamaq cəhdlərinə qarşı ən tutarlı və prinsipial zərbəni məhz Heydər Əliyev vurdu. Ulu Öndər 1991-ci il martın 7-də Ali Sovetin sessiyasında etdiyi tarixi çıxışı ilə xalqa tam istiqlaliyyət, iqtisadi və siyasi müstəqillik yolunu hədəf göstərərək, mərkəzə tabeçiliyi ehtiva edən köləlik referendumunun əleyhinə səsini ucaltdı: “Nəzərə almaq lazımdır ki, hər dövrün öz hökmü var. Biz də, demək olar ki, bu salonda oturanların hamısı, o hökmün təsiri altında olmuşuq. İndi isə hesab edirəm ki, bizim xalqımız üçün yetmiş illik imtahan bəsdir. Yeni bir İttifaqa girməyi Azərbaycan xalqına rəva bilmirəm. Bir sözlə, mən yeni İttifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam.”

Yaz və yay aylarında mərkəzi rəhbərliyin siyasi qeyri-müəyyənlik kursu davam etdiyi bir vaxtda, avqust ayında Moskvada baş verən uğursuz dövlət çevrilişi cəhdi (QKÇP) bütün İttifaqda olduğu kimi Azərbaycanda da siyasi böhranı kulminasiya nöqtəsinə çatdırdı. Həmin taleyüklü günlərdə – avqustun 29-da Ali Sovetin növbədənkənar sessiyasında çıxış edən Heydər Əliyev kəskin siyasi-iqtisadi böhranın əsas səbəbkarı kimi Azərbaycan Kommunist Partiyasını göstərərək onun dərhal hakimiyyətdən getməsini tələb etdi. Məhz bu tarixi qətiyyətin və xalqın artan təzyiqinin nəticəsi olaraq, avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə" qəbul edildi.

Moskva qiyamından sonra yaranmış hakimiyyət vakuumu və sərhədlərdə təhlükəsizlik risklərinin artması Naxçıvanda xalq hərəkatını yeni mərhələyə qaldırdı. Region əhalisi muxtar respublikanın xilasını və Azərbaycanın gələcəyini yalnız Ulu Öndərin rəhbərliyi altında görürdü. Bunu dərindən dərk edən ölkə rəhbərliyi “Naxçıvandakı qeyri-sabit vəziyyətin qiymətləndirilməsi haqqında” müşavirəyə Naxçıvan Ali Məclisi deputatlarınından böyük bir qismini dəvət edərək səs çoxluğunun ərsəyə gəlməsinə mane olmağa çalışsa da, Naxçıvanda 60 min nəfərin iştirakı ilə keçirilən izdihamlı mitinqin ardınca, 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin fövqəladə sessiyası çağırıldı. Xalqın mütləq iradəsi ilə Ulu Öndər Heydər Əliyev Muxtar Respublika Ali Məclisinin sədri seçildi. Çünki, xalq yaxşı bilirdi ki, bu qərar Naxçıvanın idarəçilik məsələsindən çox, bütövlükdə Azərbaycanın milli qurtuluşunun əməli müstəviyə keçidinin başlanğıcı idi. Vəzifəyə gələn kimi dahi rəhbər muxtar respublika ərazisində Kommunist Partiyasının və komsomolun fəaliyyətini tam dayandırdı, onların bütün strukturlarını ləğv edərək sovet ideoloji maşını ilə bağları kökündən qopardı.

 Heydər Əliyevin Ali Məclis sədri seçilməsi və artan siyasi nüfuzu rəsmi Bakıda böyük xof yaratmışdı. Xalqın iradəsinə aşkar şəkildə mane ola bilməyəcəyini anlayanlar Ulu Öndərin sentyabrın 8-nə təyin olunmuş prezident seçkilərində iştirakını əngəlləmək üçün Konstitusiyaya 65 yaş senzi əlavə etdilər. Buna cavab olaraq Naxçıvan Ali Məclisi Naxçıvan MR ərazisində prezident seçkilərinin keçirilməsinin dayandırılmasına dair qərar qəbul olundu. Lakin, Ali Məclisin bu qərarına Bakıda məhəl qoyulmadı. Bununla bağlı Ulu Öndər Heydər Əliyev “Kommersant”ın müxbirinə verdiyi müsahibədə deyirdi: “Sentyabrın 4-dən (prezident seçkilərinin dayandırılması barədə qərar qəbul edilən gündən) Naxçıvan MR Bakı tərəfindən iqtisadi və informasiya blokadasına məruz qalıb. Yanacaq tədarükü tamamilə kəsilib. Muxtar respublikada bütün avtomobillər, o cümlədən təcili tibbi yardım maşınları yerində dayanıb. Bakıdakı milislər sənədləri yoxladıqdan sonra “yuxarıdan” verilən əmrə istinad edərək naxçıvanlıları Bakı bazarlarından qovublar. NMR Məclisinin qərarları respublika mətbuatında dərc olunmur. Hal-hazırda bizdə olan yoxlanılmamış məlumatlara görə, NMR Ali Məclisinə qarşı repressiv tədbirlər görmək üçün Bakıda respublika Daxili İşlər Nazirliyinin və DTK-nın əməkdaşlarından ibarət xüsusi dəstələr yaradılıb.”

Bu müsahibədən ciddi şəkildə rahatsız olan respublikanın o vaxtkı rəhbərliyi mətbuata verdiyi müsahibədə NMR-dakı bu vəziyyəti “konstitusiyaya zidd aksiya” və “Heydər Əliyevin siyasi ambisiyalarının reallaşması” kimi adlandıraraq həqiqəti gizlətməyə çalışsalar da, Heydər Əliyevin bu açıqlamaya “Bakıdan silahlı hücum olarsa rusların Ağ Evi müdafiə etdiyi kimi, Naxçıvanın 330 min sakini də öz Məclisini müdafiə etməyə hazırdır” cavabı onları yerinə otuzdurdu. Beləliklə, Heydər Əliyev və Naxçıvanı hədəfə alan planlar puça uğradı.

1991-ci ilin sonları və 1992-ci ilin əvvəllərində təcavüzkar Ermənistanın Naxçıvana, xüsusilə strateji əhəmiyyətli Sədərək istiqamətinə ardıcıl hücumları muxtar respublikanı birbaşa işğal təhlükəsi ilə üz-üzə qoymuşdu. Düşmənin əsas məqsədi Naxçıvanla Türkiyəni birləşdirən Yuxarı Qarasu koridorunu ələ keçirmək, quru əlaqəsini kəsmək və tikilməkdə olan körpünün istifadəyə verilməsinə mane olmaq idi. Yarana biləcək fəlakətin qarşısını almaq üçün Ulu Öndər Heydər Əliyev cəsarətli hərbi-təşkilati addımlar atdı. 1991-ci il sentyabrın 7-də Naxçıvan MR Dövlət Müdafiə Komitəsi yaradıldı, 1992-ci il yanvarın 16-da isə muxtar respublika ərazisindəki keçmiş sovet hərbi hissələrinin Ali Məclisə tabe edilməsi haqqında tarixi qərar qəbul olundu. Bu qərarla hərbi əmlakın və silah-sursatın regiondan çıxarılmasına qəti qadağa qoyuldu və yerli müdafiə potensialı sürətlə təşkilatlandırıldı.

Hərbi təhdidlərlə paralel olaraq, Ulu Öndər bənzərsiz bir diplomatiya nümunəsi nümayiş etdirərək qonşu dövlətlərlə danışıqlara başladı. Dahi liderin Naxçıvandan yürütdüyü müstəqil xarici siyasət nəticəsində Türkiyə dövləti (Qars müqaviləsinin hüquqi öhdəliklərinə istinad edərək) və İran rəsmi dairələri Ermənistana ən sərt xəbərdarlıqlarını etdilər. Türkiyənin Prezidenti Turgut Özal və Baş naziri Süleyman Dəmirəl Naxçıvanın sərhədlərinin dəyişdirilməsinə icazə verilməyəcəyini, addım atılacağı təqdirdə qoşun yeridiləcəyini qətiyyətlə bəyan etdilər. İranın Xarici İşlər naziri Əli Əkbər Vilayəti 22 mayda Ulu Öndərə zəng edərək Naxçıvana hər cür dəstək təminatı verdi. Eyni zamanda, Avropa İttifaqı rəsmiləri təcavüzü kəskin pislədi, ABŞ Dövlət Departamenti (Marqaret Tatuaylerin açıqlaması) və şəxsən Prezident Corc Buş ilə Dövlət katibi Ceyms Beyker Ermənistan rəhbərliyinə təzyiq göstərərək hücumların dayandırılmasını tələb etdilər. Paralel olaraq, dahi şəxsiyyət "Reuters", "The New York Times", "Washington Post" kimi nəhəng informasiya agentliklərini, Almaniyanın "ARD" telekanalını Naxçıvana dəvət edərək ermənilərin qurduğu informasiya blokadasını darmadağın etdi və Sədərək planını iflasa uğratdı.Beləliklə, dahi şəxsiyyətin dövlətçilik təfəkkürü və siyasi uzaqgörənliyi Naxçıvanı zamanın sınağından üzü ağ çıxartdı. 

Bu dövrdə dövləti öz şəxsi ambisiyalarına qurban verən AXCP rəhbərliyi Azərbaycanda siyasi hakimiyyəti yarıtmazcasına idarə edərək dövlətçiliyə ciddi zərbələr endirirdi. Belə bir şəraitdə Heydər Əliyev sentyabr ayında “Səs” qəzetinə verdiyi müsahibədə deyirdi: “Hakimiyyətə gəlmək hələ hər şey demək deyil. Qədim Yunanıstanda zülmə, əsarətə tab gətirməyən qullar dəfələrlə üsyan edib hakimiyyətə gəliblər. Lakin həmin qullar başqa cür idarəetmə qabiliyyətinə malik olmadıqları üçün sonra özləri quldarlara çevriliblər. Uzun illər təcrübəmdən deyirəm ki, dövlətçilik düşünüldüyü qədər asan iş deyil. Respublikada hazırki hakimiyyət strukturlarına AXCP-nin yiyələnməsi anlaşılan deyil. Siyasəti, xalqı, iqtisadiyyatı sabit rels üzərində aparan dövlət inkişaf mexanizmi olmalıdır. Bunu hazırda görmürük.”

1993-cü ilin əvvəllərindən Azərbaycanda cərəyan edən dərin siyasi-iqtisadi böhran hakimiyyətdə olan AXCP-Müsavat cütlüyünün yarıtmaz siyasəti və səriştəsiz idarəçiliyi nəticəsində kritik həddə çatdı. Dövlət idarəçiliyindəki hərc-mərclik, şəxsi ambisiyaların milli maraqları üstələməsi və Qarabağ cəbhəsində ardı-arxası kəsilməyən torpaq itkiləri respublikanı vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qoydu. Belə bir taleyüklü məqamda müdrik xalqımız yeganə xilas yolunu Ulu Öndər Heydər Əliyevin bənzərsiz liderliyində gördü. Xalqın kütləvi və təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Bakıya gələn dahi şəxsiyyətin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi dövlətçilik salnaməmizdə Milli Qurtuluşun rəsmi başlanğıcı oldu. Ali Sovetə rəhbərlik etdiyi ilk günlərdən etibarən Heydər Əliyev fövqəladə siyasi iradə göstərərək ölkəni bürüyən xaosun, qanunsuz silahlı dəstələrin özbaşınalığının və qardaş qırğınının qarşısını qətiyyətlə aldı. Qısa müddətdə dövlət idarəçiliyində intizam bərpa olundu, cəbhə xəttində nisbi sabitlik təmin edildi və milli birliyin möhkəm əsasları qoyuldu.

Bu gərgin təşkilatlanma və xilas missiyasının məntiqi davamı olaraq, 1993-cü ilin oktyabrında keçirilən seçkilərdə xalqın mütləq etimadını qazanan Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkəyə rəhbərlik etdiyi dövrdə dahi şəxsiyyət demokratik dövlət quruculuğunun əsasını qoydu, ilk milli Konstitusiya qəbul edildi, "Əsrin müqaviləsi" ilə Azərbaycanın iqtisadi müstəqilliyinin əsaslarını yaratdı, inkişafın sosial, siyasi, iqtisadi, humanitar, mədəni və hərbi ölçülərinə yeni nəfəs verdi. Təsadüfi deyil ki, dahi rəhbərin sarsılmaz iradəsi və uzaqgörənliyi ilə qısa müddətdə formalaşdırılan müasir, müstəqil və qüdrətli Azərbaycan dövləti Ulu Öndər siyasi xəttinin varisi, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixi Zəfərini qazanılmasını şərtləndirdi, ərazi bütövlüyünün bərpasını reallığa çevirdi.

Bu gün Cənubi Qafqazın lider dövlətinə və qlobal miqyasda nüfuz sahibinə çevrilən müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin şah əsəridir— Öndərinə sevginin ünvanına, dövlətçiliyinə sədaqətin meyarına və tarixi Zəfərin rəmzinə çevrilmiş şah əsəri...

 

Yusif Mirzəzadə

Naxçıvan Dövlət Universiteti

Tələbə Elmi Cəmiyyətinin sədri

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: