Perunun rəsmi “El Peruano” qəzeti Azərbaycan Respublikasının tarixində və müasir müstəqil dövlətin qurulmasında müstəsna xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən məqalə yayıb.
NUHÇIXAN xəbər verir ki, məqalədə ulu öndər Heydər Əliyevin əvəzsiz bir lider, güclü dövlət başçısı, fədakar insan, müstəqil dövlət qurmaq kimi mürəkkəb və şərəfli missiyanı yerinə yetirə bilən yeganə əfsanəvi şəxsiyyət olduğu qeyd edilir. Bildirilir ki, Heydər Əliyev müasir Azərbaycan tarixini yaratmış liderdir. Tarix onu güclü dövlət başçısı, dövlət quruculuğu yolunda öz üzərinə ən ağır tarixi məsuliyyəti götürmüş fədakar və nadir şəxsiyyət kimi xatırlayır. Məhz Heydər Əliyev müasir Azərbaycan dövlətinin tarixinin ən dramatik dövründə ölkəyə rəhbərlik edib, onun nailiyyətlərinin və tərəqqisinin əsasını qoyub. Öz sarsılmaz əqidəsi və tarixi müdrikliyi sayəsində Heydər Əliyev Azərbaycan xalqının müstəqillik arzusunu həyata keçirməyə nail olub. Onun çoxtərəfli siyasəti dövlət strategiyasına çevrilib və dünyanın bir çox ölkələri ilə konstruktiv əlaqələr qurulub.
Məqalədə vurğulanır ki, siyasi sabitliyə nail olmaqla yanaşı, ulu öndər Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin də təməlini qoyub. O, istehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb edilməsi üçün antiböhran proqramı hazırlayıb və həyata keçirib. 1994-cü ildə dünyanın neft şirkətləri ilə Bakıda imzalanmış “Əsrin müqaviləsi” daxili mühitin sabitliyi və xarici siyasətin uğurlu olması üçün mühüm rol oynayıb.
Sonda qeyd edilir ki, müasir müstəqil Azərbaycanın tarixi əbədi olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan xalqı böyük bir liderin xatirəsini hörmətlə yad edir. Bütün həyatını Vətənə həsr edən Heydər Əliyev həmişə xalqına şərəf və ləyaqətlə xidmət edib.