Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) dəstəyini genişləndirmək niyyətindədir.
NUHÇIXAN xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans"da bildirib.
Onun sözlərinə görə, bu çərçivədə davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahələrində həyata keçirilən layihələrə UNESCO ilə birgə mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslərin də əlavə edilməsi nəzərdə tutulur.
C.Bayramov bildirib ki, Azərbaycan SIDS-in inkişafına xüsusi diqqət yetirir və Millətlər Birliyi Katibliyi ilə tərəfdaşlıq çərçivəsində onların iqlim dayanıqlılığının artırılmasına əhəmiyyətli resurslar yönəldib: "Dəstəyə okeanın mühafizəsi, iqlim texnologiyalarının inkişafı və milli həllərin tətbiqi üzrə layihələr daxildir. Biz bu əməkdaşlığı mədəni irsin qorunması sahəsi istiqamətində də genişləndirməyi nəzərdə tuturuq".
O qeyd edib ki, müvafiq işlər, o cümlədən UNESCO ilə bu yaxınlarda elan edilmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin öz irslərinin qorunub saxlanması və təşviqi sahəsində potensialının gücləndirilməsinə yönəlmiş birgə təşəbbüs çərçivəsində də aparılacaq.
Nazir, həmçinin vurğulayıb ki, Azərbaycan göstərilən yardımı beynəlxalq standartlara uyğunlaşdırmağa və onun şəffaflığını artırmağa çalışır: "2015-ci ildən etibarən biz hər il İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinə inkişaf məqsədilə rəsmi yardım barədə hesabatlar təqdim edirik. 2019-cu ildən Azərbaycan Komitədə iştirakçı statusuna malikdir".
