Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib

A- A A+

Sentyabrın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ - komitədə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı və bir sıra qanun layihələri daxil edilib.

Komitənin sədri Əli Hüseynli, əvvəlcə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gördüyü işlər barədə hesabatı nəzərə çatdırıb.

2026-cı ilin payız sessiyasının iş planı barədə məlumat verən Əli Hüseynli bildirib ki, növbəti sessiyada komitədə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələri, o cümlədən dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, bəzi qanunlarda ediləcək dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.

2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlər qənaətbəxş hesab olunub, komitənin cari ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq olunub.

Sonra gündəlikdəki qanun layihələri müzakirəyə çıxarılıb.

İclasda iştirak edən Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abıyeva və Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov Mülki Prosessual Məcəllədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) mahiyyəti ilə bağlı öz fikirlərini açıqlayıblar.

Sonra Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinin rəisi Elçin Nəsibov "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.

Elçin Nəsibov, həmçinin “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Daha sonra komitə sədri Əli Hüseynli gündəlikdəki digər məsələləri diqqətə çatdırıb.

Bildirilib ki, Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və FATF-ın müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədi daşıyır.

Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı qeyd olunub ki, Məcəllənin 22.1-ci maddəsinin mövcud tələblərinə əsasən, adları həmin maddədə sadalanan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Gündəlikdəki növbəti məsələ - Mülki Məcəllədə, Gömrük Məcəlləsində, "Xidməti və mülki silah haqqında", "Polis haqqında", "Əməliyyat axtarış fəaliyyəti haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Ovçuluq haqqında", "İxrac nəzarəti haqqında" və "Telekommunikasiya haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı bildirilib ki, sənəddə “Lisenziyalar və icazələr haqqında” Qanunun icrası ilə əlaqədar uyğunlaşdırma xarakterli düzəlişlər təklif olunur.

Sonra "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə” qanun layihəsi nəzərdən keçirilib. Sözügedən Protokol cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım mexanizmlərinin müasirləşdirilməsinə, tərəflərin səlahiyyətli orqanları arasında əməkdaşlığın operativ həyata keçirilməsinə, müasir kommunikasiya və prosessual imkanlardan istifadə edilməsinə xidmət edir.

Gündəliyin sonuncu məsələsi – "Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı bildirilib ki, sənəd hökumət rabitəsi sahəsində səlahiyyətli orqanlar barədə müddəanın yenilənməsini nəzərdə tutur.

Gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: