ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Demokratik Respublikasının 101-ci ildönümü ilə əlaqədar olaraq rəsmi bəyannamə imzalayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən NUHÇIXAN-a verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.
P.Rikets Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğunu vurğulayır. Azərbaycan son 28 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Bəyannamədə, 2019-cu ildə Azərbaycan Demokratik Respublikasının 101 illiyinin qeyd olunması ilə əlaqədar olaraq 28 may tarixində Nebraska ştatında və dünyanın digər yerlərində yaşayan Azərbaycanlılar tərəfindən Milli Gün olaraq qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı bildirilir.
Qubernator imzaladığı bəyannamədə 2019-cu il 28 may tarixini Portlenddə Azərbaycan Milli Günü elan edir.