ZƏFƏRDƏN SUVERENLİYƏ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİNİN 20 SENTYABR ZİRVƏSİ

A- A A+

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər vardır ki, həmin tarixlər yalnız təqvimdə müəyyən bir gün kimi deyil, milli yaddaşın, dövlətçilik şüurunun və siyasi iradənin rəmzi kimi yaşayır. 20 Sentyabr da məhz belə tarixi günlərdən biridir. 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpa olunması milli dövlətçilik tariximizin mühüm mərhələlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edilmişdir.

Dövlət suverenliyi anlayışı hər bir müstəqil dövlətin siyasi-hüquqi mahiyyətini müəyyən edən fundamental prinsiplərdən biridir. Suverenlik dövlətin öz ərazisi daxilində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etməsi, konstitusion quruluşunu və qanunvericilik sistemini bütün ölkə ərazisində həyata keçirməsi deməkdir. Bu baxımdan Azərbaycan üçün 20 Sentyabrın tarixi əhəmiyyəti yalnız hərbi qələbə ilə məhdudlaşmır. Bu tarix, ilk növbədə, dövlət hakimiyyətinin və Azərbaycan Respublikasının Konstitusiyasının ölkənin bütün ərazisində bərqərar olması baxımından mühüm siyasi və hüquqi məna daşıyır.

Azərbaycanın dövlət suverenliyinin tam bərpası uzun və mürəkkəb tarixi prosesin nəticəsidir. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində ölkə ərazisinin mühüm hissəsi işğal edilmiş, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi şəkildə köçkün vəziyyətinə düşmüşdür. İşğal faktı Azərbaycanın yalnız ərazi bütövlüyünə deyil, həm də həmin ərazilərdə dövlət suverenliyinin həyata keçirilməsinə ciddi maneə yaratmışdı.

Azərbaycan uzun illər ərzində problemin beynəlxalq hüququn prinsipləri əsasında həllinə çalışdı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləsə də, onların icrasının təmin olunmaması işğalın uzun müddət davam etməsinə səbəb oldu. Beləliklə, Azərbaycan diplomatik müstəvidə hüquqi mövqeyini qoruyaraq, eyni zamanda dövlət və ordu quruculuğunu gücləndirdi. Bu prosesin mühüm mərhələsi 2020-ci ildə baş verən Vətən müharibəsi oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi. Lakin 2020-ci il Zəfəri tarixi prosesin son nöqtəsi deyildi. Qarabağın müəyyən hissəsində Ermənistan silahlı qüvvələrinin mövcudluğu və separatçı rejimin fəaliyyətini davam etdirməsi Azərbaycanın dövlət suverenliyinin həmin ərazilərdə tam şəkildə həyata keçirilməsinə imkan vermirdi.

Bu mənada 2020-ci il Zəfəri ilə 2023-cü il sentyabr hadisələri arasında üzvi siyasi-hüquqi əlaqə mövcuddur. 2020-ci il Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin əsas mərhələsini təşkil edirdisə, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri dövlət suverenliyinin tam bərpasını təmin edən həlledici mərhələ oldu. Azərbaycan Prezidentinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Sərəncamında da qeyd edilir ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi həmin ərazilərdə təmin olunmuşdur.

Həm 44 günlük müharibə nəticəsində əldə olunan möhtəşəm qalibiyyətin – 8 noyabr tarixinin, həm də 20 Sentyabrın tarixi və siyasi əhəmiyyəti o qədər böyükdür ki, xalqımız bu təqvimlərin qürurunu əbədi olaraq yaşayacaq. Əldə olunan bu möhtəşəm tarixi zəfərlər dövlətimizin XXI əsrdə öz milli iradəsini təsdiqləməsinin mühüm göstəricisi, Azərbaycanın gələcəyinə aparan siyasi və mənəvi yol xəritəsidir. Məsələni bir az açaq;

44 günlük müharibə nəticəsində Azərbaycan möhtəşəm bir tarixi Zəfərə imza atdı. Bu Zəfər təkcə hərbi qələbə deyil, tarixi ədalətin bərpası, uzun illər davam edən milli mübarizənin məntiqi yekunu idi. Eyni zamanda 30 ilə yaxın işğal dövründə yığılıb qalan ədalət tələbinin, milli heysiyyətin və azadlıq arzusunun reallaşması idi. 1992-ci ildə Şuşanın itirilməsi Azərbaycan xalqı üçün ağır psixoloji zərbə olmuşdu. Bu zərbənin bərpası üçün gərəkli olan əsas amil – güclü dövlət, peşəkar ordu və siyasi iradə idi. Məhz bu amillərin sintezi nəticəsində Azərbaycan xalqı öz tarixi ədalətini bərpa etdi.

Bəli, 8 noyabrda Azərbaycan 30 ilə yaxın işğal dövründən yığılıb qalan tarixi ədalətini bərpa etdi. Antiterror əməliyyatlarında isə, ağır olsa da qeyd edilməlidir ki, 200 illik alnımızdakı ləkə tamamilə silinib atıldı. Əsrlərdir mövcud olan erməni separatizminin kökü kəsildi. Əsrlər idi ki, ora separatizm yuvası idi. Bunlar çox möhtəşəm Zəfərlərdir.

Burada digər bir məqamı da xüsusilə qeyd etmək lazım gəlir. Həyata keçirilən uğurlu strategiya və bu antiterror əməliyyatı sadəcə Azərbaycanın taleyini deyil, bütövlükdə Cənubi Qafqazın taleyini dəyişdirmişdir. İmperial güclərin Cənubi Qafqazda istifadə etdiyi bir alət yox edilmişdir. Bu strategiya əslində Ermənistanın özünü də münaqişənin girovluğundan xilas etmişdir.

Bəli, Azərbaycan ordusu hərb meydanında bir tarix yazdı, öz gücünü göstərdi, torpaqlarımızı işğaldan azad etdi. Amma bu məsələlərdə liderlik amili, siyasi iradə əlbəttə ki, həlledici rol oynayır. Ali Baş Komandanın liderlik konsepsiyası həm cəbhədə, həm də diplomatik müstəvidə özünü göstərdi. Onun beynəlxalq səviyyədəki çıxışları, xarici jurnalistlərin sualları qarşısında ortaya qoyduğu ustad dərsləri hamıya məlumdur. Eyni zamanda Tarixi Zəfərimizə aparan yolda cənab prezidentin siyasi iradəsi xalqda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan artıq regionda yeni geosiyasi reallıqlar yaradıb, beynəlxalq imici güclənib, dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan beynəlxalq siyastdə öz ağırlığı və çəkisi olan bir dövlətə çevrilib.

20 Sentyabrı yalnız hərbi terminlərlə izah etmək bir az yarım qalır. Bu tarix Azərbaycan dövlətçiliyinin hüquqi məkanının bütövləşməsi deməkdir. Artıq ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və dövlət institutlarının fəaliyyəti üçün real şərait formalaşmışdır. Başqa sözlə, 20 Sentyabr Azərbaycanın müstəqilliyinin yeni mərhələsinin başlanğıcıdır. Əgər 1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının siyasi iradəsinin ifadəsi idisə, 2023-cü ildə suverenliyin tam bərpası həmin müstəqilliyin ərazi və hüquqi baxımdan bütövləşdirilməsi oldu.

Bu baxımdan 20 Sentyabr həm də beynəlxalq hüququn əsas prinsipləri – dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə müdaxilə edilməməsi prinsipləri kontekstində qiymətləndirilə bilər.

Dövlət suverenliyi anlayışının mühüm xüsusiyyətlərindən biri onun yalnız ərazi üzərində nəzarətlə məhdudlaşmamasıdır. Ərazi bütövlüyü suverenliyin mühüm şərtlərindən biri olsa da, real suverenlik həm də dövlət institutlarının fəaliyyətini, qanunun aliliyini, konstitusion quruluşu, iqtisadi və siyasi müstəqilliyi, milli təhlükəsizliyi və beynəlxalq münasibətlərdə müstəqil qərar qəbul etmək imkanını özündə birləşdirir. Bu baxımdan Azərbaycanın 20 Sentyabrdan sonrakı inkişaf mərhələsi xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, şəhər və kəndlərin yenidən salınması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı dövlət suverenliyinin praktik məzmununu tamamlayan proseslərdir.

Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması bu baxımdan xüsusi simvolik məna daşıyır. Dövlət Suverenliyi Gününün birinci ildönümündə – 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin açılışının keçirilməsi təsadüfi deyildi. Prezident İlham Əliyevin həmin tədbirdə çıxışında qeyd etdiyi kimi, Azərbaycan Ordusu məhz bir il əvvəl dövlət suverenliyini tam bərpa etmişdi. Bu hadisə göstərir ki, suverenliyin bərpası yalnız hərbi nəticə deyil, həm də sülh, inkişaf, elm, təhsil və sosial rifah üçün yeni imkanlar yaradan fundamental siyasi dəyişiklikdir.

Dövlət Suverenliyi Gününün təsis edilməsinin digər mühüm tərəfi milli yaddaşın qorunmasıdır. Dövlətlərin siyasi tarixində əldə edilmiş qələbələrin gələcək nəsillərə çatdırılması dövlətçilik ənənələrinin davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. 20 Sentyabr bizə xatırladır ki, dövlət müstəqilliyi və suverenlik hazır şəkildə əldə edilən dəyərlər deyil. Onların qorunması siyasi iradə, milli birlik, güclü dövlət institutları və peşəkar ordu tələb edir.

Bu tarix həm də şəhidlərimizin xatirəsi ilə sıx bağlıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda minlərlə hərbçimiz həyatını itirmişdir. Buna görə Dövlət Suverenliyi Günü yalnız qələbə sevinci deyil, həm də şəhidlərin müqəddəs xatirəsi qarşısında mənəvi məsuliyyət günüdür. Bu baxımdan 20 Sentyabrın əsas mesajlarından biri belədir: suverenlik əldə edildikdən sonra onu qorumaq və daha da möhkəmləndirmək hər bir nəslin dövlətçilik borcudur.

Azərbaycan üçün 20 Sentyabr həm də yeni siyasi mərhələnin başlanğıcıdır. Artıq əsas məsələ ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yanaşı, əldə edilmiş tarixi nəticələrin davamlı siyasi və sosial-iqtisadi inkişafla möhkəmləndirilməsidir. Bu mərhələdə Azərbaycanın qarşısında bir neçə mühüm istiqamət dayanır. Birincisi, azad edilmiş ərazilərin sürətli və dayanıqlı inkişafının təmin edilməsidir. İkincisi, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsidir. Üçüncüsü, regionda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Dördüncüsü isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz milli maraqlarına əsaslanan müstəqil siyasətini daha da gücləndirməsidir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu tarixi mərhələnin mahiyyətini əks etdirirdi. Bu qərar suverenliyin yalnız tarixi qələbə kimi deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin hüquqi və siyasi dayağı kimi qiymətləndirildiyini göstərdi.

Nəticə etibarilə, 20 Sentyabr Azərbaycan tarixində yeni siyasi-hüquqi reallığın rəmzidir. Bu tarix 30 ilə yaxın davam edən işğalın, ərazi parçalanmasının və suverenliyin məhdudlaşdırılmasının aradan qaldırılmasının son mərhələsini ifadə edir. 2020-ci il Vətən müharibəsində əldə olunan Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmişdir.

Bu gün 20 Sentyabr Azərbaycan xalqı üçün həm Zəfər, həm dövlətçilik, həm də milli məsuliyyət günüdür. Bu tarix bizə göstərir ki, müstəqil dövlətin ən böyük gücü onun ərazisinin bütövlüyü ilə yanaşı, xalqın dövlətçilik iradəsində, milli birliyində və gələcəyə inamındadır.

Azərbaycanın dövlət suverenliyinin tam bərpası XX əsrin sonlarında müstəqilliyini yenidən əldə etmiş dövlətimizin XXI əsrdə öz milli iradəsini təsdiqləməsinin mühüm göstəricisidir. Qarşıda duran əsas vəzifə isə bu tarixi qələbəni davamlı sülhə, sosial rifaha, güclü dövlət institutlarına, elmə, təhsilə və yeni inkişaf modelinə çevirməkdir. 20 Sentyabr bu mənada yalnız keçmişin şanlı səhifəsi deyil, Azərbaycanın gələcəyinə aparan siyasi və mənəvi yol xəritəsidir.

Emin Şıxəliyev
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: