Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olunub - YENİLƏNİB - FOTOLAR
Baş nazir Novruz Məmmədov: Tarixi bayrağın Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən Azərbaycana gətirilməsi mühüm hadisədir
1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülən üçrəngli Dövlət bayrağı yenidən öz Vətəninə qaytarılıb.
NUHÇIXAN xəbər verir ki, 100 il əvvəl Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağı mayın 24-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Novruz Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini mühüm hadisə adlandırıb.
Bildirilib ki, bolşevik işğalı nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti nümayəndələrinin əksəriyyəti Türkiyəyə mühacirət edib. İctimai xadim Mirzə Bala Məmmədzadə də onlardan biri idi. O, 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını da özü ilə qardaş ölkəyə aparmışdı. Mühacir həyatı sürən Mirzə Bala Məmmədzadə yaşadığı ölkələrdə - İranda, Türkiyədə, Polşada və Almaniyada bu bayrağı göz bəbəyi kimi qoruyub saxlamışdı.
Onun varisi bu bayrağın İstanbulda təhsil alan və Cümhuriyyətlə bağlı tədqiqat aparan Əfqan Vəliyevə verilməsini və doğma Vətənə - Azərbaycana qaytarılmasını vəsiyyət etmişdi. Dövlət xətti ilə İstanbul Universitetində təhsil alan tədqiqatçı Əfqan Vəliyev, həmçinin qardaş ölkədə Xalq Cümhuriyyəti hökumətinin mühacir nümayəndələrinin qohumları ilə əlaqələr yaradaraq, o dövrə aid çoxlu arxiv materialları da əldə edib.
“Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil Azərbaycanın Prezidenti o dövrlə bağlı bütün tarixi hadisələrə həssas yanaşır”, - deyən Baş nazir Novruz Məmmədov bu barədə Prezident İlham Əliyevə məruzə edildiyini və dövlətimizin başçısının tapşırığı ilə həmin Dövlət bayrağının ölkəyə gətirildiyini bildirib. Novruz Məmmədov sosiologiya elmləri doktoru Əfqan Vəliyevin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.
Dövlət bayrağının Azərbaycana gətirilməsində göstərdiyi xidmətlərə görə Əfqan Vəliyevə dövlətimizin başçısı adından təşəkkürünü bildirən Novruz Məmmədov qeyd edib ki, yeni arxiv sənədləri bu sahədə məşğul olan alimlərə, tədqiqatçılara əlavə imkanlar açacaq.
“Cümhuriyyətin fəallarından olan, ictimai xadim Mirzə Bala Məmmədzadənin və digər Cümhuriyyət yaradıcılarının ruhu bu gün şaddır. Çünki bugünkü Azərbaycan, onun dövlət başçısı İlham Əliyev ölkənin tarixi keçmişinə sahib çıxır”, - deyən yazıçı-tədqiqatçı Əfqan Vəliyev bildirib: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi dövlətimizin başçısının Cümhuriyyətin fəaliyyətinə verdiyi böyük önəmin göstəricisidir. Mirzə Bala Məmmədzadə və məsləkdaşları həmişə inanırdılar ki, Azərbaycan öz müstəqilliyini bərpa edəcək və bu bayraq yenidən öz doğma torpağında, Azərbaycan səmasında dalğalanacaq. Xalq Cümhuriyyəti mühacirlərinin arzusu bu gün reallaşır”.
Sonra Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını və həmin dövrə aid bir sıra arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri Baş nazirə təqdim edib.