Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri, eləcə də hərbi psixoloqlarla görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, tədbirdə çıxış edən general-polkovnik Zakir Həsənov cari ilin ötən dövründə döyüş və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini aparıb, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
Nazir bildirib ki, ordu rəhbərliyi şəxsi heyətin azərbaycançılıq ideyası əsasında tərbiyə olunmasını diqqət mərkəzində saxlayır, Azərbaycan əsgərinin vətənpərvər ruhda formalaşmasını, Vətənə, dövlətə sadiq xidmət göstərməsini təmin edir. Azərbaycançılıq ideyasını, Heydər Əliyev irsini dərindən mənimsəmiş şəxsi heyət yüksək döyüş əzminə və qələbə ruhuna malikdir, Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir.
Orduda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışan nazir tərbiyə işinin də planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daima gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.