Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış "Aqrar sahə haqqında" yeni qanunun layihəsi ictimai müzakirəyə təqdim edilib.
NUHÇIXAN xəbər verir ki, sənəd 7 fəsil, 28 maddədən ibarətdir.
Qanun Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 10-cu və 11-ci bəndlərinə uyğun olaraq, aqrar sahənin, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsi, aqrar məhsulların istehsalı və ilkin emalı üçün zəruri şəraitin yaradılması, habelə aqrar sahənin iqlim dəyişikliklərinə adaptasiyası və kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə həmin sahədə dövlət tənzimləməsi və dövlət dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edir.
Aqrar sahə haqqında qanunvericilik Konstitusiyasından, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, "Toxumçuluq haqqında", "Seleksiya nailiyyətləri haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında", "Fitosanitar nəzarəti haqqında", "Tütün və tütün məmulatı haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Aqrar sığorta haqqında", "Baytarlıq haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Atçılıq haqqında", "Arıçılıq haqqında", "Balıqçılıq haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Torpaqların münbitliyi haqqında", "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
Ələt azad iqtisadi zonasında aqrar sahədə yaranan münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" qanunun tələbləri nəzərə alınmaqla tənzimlənir.
Qanunun tələblərinin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Qanun qüvvəyə mindiyi gündən "Taxıl haqqında" 2000-ci il 16 iyun tarixli, "Çayçılıq haqqında" 2002-ci il 17 dekabr tarixli, "Pambıqçılıq haqqında" 2010-cu il 11 may tarixli, "Kənd təsərrüfatı kooperasiyası haqqında" 2016-cı il 14 iyun tarixli qanunları ləğv edilir.
