Əsrlər boyu istiqlalına can atan Azərbaycan xalqını arxasınca aparmağı bacaran liderlər çox olub. Onların arasında tarixi şəxsiyyətlər kimi salnaməmizdə özünəməxsus yeri olanlar isə tək-təkdir. Böyük xidmətləri ilə milyonların qəlbində əbədiyaşarlıq qazanan ulu öndər Heydər Əliyev isə hər bir xalqın tarixində bir dəfə yetişən müdriklərdən olduğunu xalqına, Vətəninə, torpağına, yurduna bağlılığı ilə sübut etmiş, gələcək nəsillərə də örnək olmuşdur.
Ümummilli lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində həm də milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Bu dahi şəxsiyyət Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyimizi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır.
Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur.
Sovetlər ittifaqı dağıldıqdan sonra Azərbaycan ağır bəlalarla üzləşmiş, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə də ulu öndər Heydər Əliyev həmin çətin məqamda xalqının yanında olmağı məqsədəuyğun saydı və Moskvadan Azərbaycana qayıtdı. Amma bu böyük siyasətçi Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da xalqa zidd hakimiyyət tərəfindən ona qarşı bir o qədər təzyiq və hədələr gözlənilirdi. Bütün təzyiqlərə baxmayaraq, ümummilli lider Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra – iyulun 22-də isə hakimiyyətin təhdidləri nəticəsində Bakıdan Naxçıvana gəldi. Bu qayıdış təkcə qədim Naxçıvanın deyil, ümumilikdə, Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcı idi. Ulu öndərin Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi.
Naxçıvana gəldikdən qısa müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq ümummilli lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürməklə muxtar respublikanın, ümumilikdə isə, Azərbaycanın qurtuluşunu məhz ulu öndərimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Ümummilli lider Heydər Əliyev Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçildi. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə öz işinə başladı. Həmin sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı.
1991-ci il sentyabrın 3-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və iclas keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə ulu öndər Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da, Azərbaycan tarixində ümummilli liderin adı ilə bağlı olan daha bir səhifə açıldı. Sessiyadakı çıxışında ulu öndər öz taleyini xalqa tapşırdığını bildirərək demişdir: “Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan ümummilli lider Heydər Əliyev real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başlamışdır. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıcı idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olunmuş, əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində Naxçıvanın müdafiə potensialı gücləndirilmiş, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası qoyulmuşdur.
Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən, eyni zamanda Azərbaycan Respublikası Ali Sovetinin sessiyalarında da iştirak etmişdir. Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı çıxışında ulu öndər vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etmiş, dağılmaqda olan Sovet İttifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlər barədə mühüm ideyalar irəli sürmüş, prinsipial və konkret fikirlər söyləmiş, təkliflər vermiş, siyasi və iqtisadi böhranın səbəbləri, onların aradan qaldırılması yolları barədə qətiyyətli mövqeyini bəyan etmişdir.
1990-1993-cü illər ərzində Naxçıvanda atılan bu addımlar milli dövlətçiliyimizin inkişafı baxımından da çox böyük əhəmiyyət kəsb edir. 1992-ci il noyabrın 21-də ulu öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, ölkə ziyalılarının dahi şəxsiyyətə ünvanladığı çoxsaylı teleqram, məktub və çağırışlar ictimai və siyasi sabitliyin gündən-günə ağırlaşdığı Azərbaycanın gələcək xilaskarının yalnız və yalnız ulu öndər Heydər Əliyev olduğunu təsdiq edirdi. Bu mənada, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndərin Bakıya, yenidən siyasi hakimiyyətə qayıdışı milli-mənəvi dəyərlərimizə, varlığımıza, tarixi yaddaşımıza qayıdış günü oldu.
Çox çəkmədi ki, ulu öndərin səyi ilə Gəncə qiyamı dinc yolla yatırıldı, vətəndaş müharibəsinin qarşısı alındı, bir sözlə, müstəqilliyimiz qorunub saxlanıldı. Ümummilli lider 3 oktyabr 1993-cü ildə xalq tərəfindən yekdilliklə prezident seçildi. Bununla da dahi rəhbər Azərbaycanı geniş tərəqqi yoluna çıxarmağa başladı.
Bəli, bugünkü müasir Azərbaycan məhz ümummilli liderimizin arzuladığı Azərbaycandır. Qətiyyətlə demək olar ki, ölkəmizdə Heydər Əliyev siyasi xəttinin uğurla, sədaqətlə davam etdirilməsi, sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının dəqiq icrası, islahatların günün tələbləri səviyyəsində aparılması Azərbaycanın sürətli inkişafını və yüksəlişini şərtləndirib. Ümumiyyətlə, bu günədək əldə etdiyimiz bütün bu möhtəşəm nailiyyətlərin təməlində böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycanın nəinki bugünkü, hətta bir neçə əsr bundan sonrakı inkişafını da təmin etməyə qadir olan siyasi kursu, milli konsepsiyaları dayanır. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan ulu öndər Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək onu daimi yüksəliş yoluna çıxarıb. Dahi rəhbərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır.
Xalqın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş ulu öndər Heydər Əliyev bu mənada ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqına həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayak edəcəkdir.
Qafar QƏNBƏROV,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
