Azərbaycanda "Aqrar sahə haqqında" qanun layihəsinin hazırlanması ilə əlaqədar bir sıra qanunlar yeni sənədə uyğun olacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.
Söhbət Mülki Məcəllə, "Kredit ittifaqları haqqında", "Büdcə sistemi haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunlardan gedir.
Belə ki, Mülki Məcəllədə "kənd təsərrüfatı kooperativi" anlayışı "aqrar kooperativ" anlayışı ilə, "kənd təsərrüfatı məhsulları" anlayışı "aqrar məhsullar" anlayışı ilə əvəz edilir;
"Büdcə sistemi haqqında" qanuna "aqrar subsidiya" anlayışı daxil edilir;
Bitkiçilik və bitki sağlamlığı ilə bağlı məsələlərin "Aqrar sahə haqqında" qanun layihəsinin 4-cü fəslində tənzimlənməsi ilə əlaqədar "Fitosanitar nəzarəti haqqında" qanunun "fitosanitar xidməti" ilə bağlı bir sıra müddəaları, o cümlədən müvafiq anlayış və fəsil ləğv edilir;
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunda da bir sıra terminoloji dəyişikliklər edilir.
