İlham Əliyev: İtkin düşmüş şəxslərin taleyi Ermənistanla etimadın gücləndirilməsi üçün mühüm məsələdir
Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, eyni zamanda həyata keçirdiyi ardıcıl siyasət Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq üçün tarixi imkan yaradıb.
NUHÇIXAN xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
Dövlət başçısı qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, habelə iki ölkə arasında sülh sazişinin paraflanması bu istiqamətdə atılmış mühüm addım idi:
"Dayanıqlı sülhün bərqərar edilməsi siyasi razılaşmalarla yanaşı, etimadın möhkəmləndirilməsini və münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasını tələb edir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir və ailələr qarşısında mənəvi məsuliyyətimizdir".
