Milli Məclis "Aqrar sahə haqqında" yeni hazırlanmış qanunun layihəsini müzakirə edir

A- A A+

"Aqrar sahə haqqında" yeni hazırlanmış qanunun layihəsi Milli Məclisdə müzakirə edilir.

NUHÇIXAN xəbər verir ki, layihə parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsi, aqrar sahədə məhsuldarlığın və istehsal səmərəliliyinin artırılması, habelə aqrar sahə subyektlərinin mənafeyinin qorunması aqrar sahəyə vahid yanaşmanı təmin edən, bu sahədə dövlətin vəzifə və funksiyalarını, o cümlədən dövlət dəstək tədbirlərini vahid hüquqi çərçivədə əks etdirən qanunvericilik bazasının yaradılmasını zəruri edir.

Bildirilib ki, hazırda bu sahədə müxtəlif qanunlar mövcud olsa da onların sistemləşdirilməsinə ehtiyac yaranmışdır. "Aqrar məhsul", "aqrar məhsul istehsalçısı", "fermer", "ilkin emal" kimi anlayışların vahid tərifinin olmaması dövlət dəstəyinin və vergi güzəştlərinin tətbiqində hüquqi qeyri-müəyyənlik yaradır. Dəstək mexanizmləri əsasən aşağı hüquqi qüvvəli aktlarla tənzimlənir. İstehsalçılar arasında fəaliyyətin xarakterinə və səmərəliliyə görə fərqləndirmə aparılmır. Torpaqların istifadəsiz saxlanılması, su itkiləri, iqlim dəyişiklikləri, kooperasiya, satış infrastrukturu və kənd yerlərinin inkişafı kimi məsələlər sistemli hüquqi həllini tapmır.

Sənəddə qeyd edilib ki, beynəlxalq təcrübədə aqrar sahənin baza qanunla tənzimlənməsi geniş yayılmış modeldir. Türkiyə (2006, 5488 saylı Qanun), Rusiya Federasiyası (2006) və Qazaxıstan bu modeli tətbiq edir. Avropa İttifaqının Ümumi Kənd Təsərrüfatı Siyasəti də dəstəyin hədəflənməsi və istehsalçıların vahid registrdə qeydiyyatı prinsiplərinə əsaslanır.

Qanun layihəsi aqrar sahənin, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafı, sahənin iqlim dəyişikliklərinə adaptasiyası və torpaqlardan səmərəli istifadə üçün dövlət tənzimləməsi və dəstəyinin hüquqi əsaslarını müəyyən edir.

Layihəyə görə, 47 anlayış ilk dəfə qanun səviyyəsində vahid sistem şəklində müəyyən edilir. Aqrar məhsulun ilkin və sənaye emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla aydınlaşdırılır. Bu, dəstək və güzəştlərin hansı fəaliyyətə şamil olunduğunu dəqiq müəyyən etməyə imkan verir. İstehsal üsulları (intensiv, yarımintensiv, ekstensiv) və müqavilə əsaslı istehsal da hüquqi anlayış kimi təsbit olunur.

Bildirilib ki, sənəddə "Aqrar məhsul istehsalçısı" anlayışı daxilində iki kateqoriya ayrılır: sahibkarlıq məqsədli "fermer" və ailə-kəndli təsərrüfatını əhatə edən "digər istehsalçı". Dövlət dəstəyinin 12 aləti ilk dəfə qanunda göstərilir: subsidiya, güzəştli kredit və lizinq, qrant, investisiya, vergi-gömrük güzəştləri, sığorta, dövlət zəmanəti, dövlət-özəl tərəfdaşlığı və s. Dəstək Sistemin məlumatları və istehsalçıların reytinq sistemi əsasında göstərilir. Reytinq sistemi iqtisadi səmərəliliyi və vəsaitdən təyinatı üzrə istifadəni qiymətləndirir, bu da dəstəyin ünvanlı və nəticəyönümlü olmasını təmin edir. Aqrar Subsidiya Şurası qanun səviyyəsində təsbit olunur.

Qanun layihəsində vurğulanıb ki, dövlətin 32 istiqamət üzrə vəzifələri müəyyən edilir. Bunların sırasına vergi intizamı və maliyyə şəffaflığı, qeyri-formal məşğulluğun qarşısının alınması, qadın və gənclərin iştirakının dəstəklənməsi, bazar intervensiyası daxildir. Dövlət nəzarətinin 13 istiqaməti də müəyyən edilir və nəzarətin sahibkarlıq sahəsində yoxlamalara dair qanunun tələbləri nəzərə alınmaqla aparılması təsbit olunur. Aqrar elm və təhsilin prioritet istiqamətləri də müəyyən edilir.

Torpaq, su və iqlim məsələlərinə gəlincə isə "Aqrar sahə haqqında" qanun layihəsində torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi elan olunur. Xırdalanmanın vahid əkin, konsolidasiya və kooperativləşmə yolu ilə azaldılması nəzərdə tutulur. İstifadəyə yararlı torpaqların istifadəsiz saxlanılmasının və əkin yerlərinin yandırılmasının qarşısı alınır, aqrokimyəvi xəritələr iqlim dəyişiklikləri nəzərə alınmaqla yenilənir. Su itkilərini azaldan suvarma sistemləri, bitki növləri üzrə suvarma normaları və sututarların yaradılması tənzimlənir. Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması və adaptasiya tədbirləri tənzimlənir. Bu tədbirlərə yaşıl texnologiyalar, inteqrir bitki mühafizəsi, aşağı emissiyalı texnika, davamlı sort və cinslər, erkən xəbərdarlıq sistemləri daxildir.

Layihədə diqqətə çatdırılıb ki, ərazinin bitki növləri və heyvan cinsləri üzrə rayonlaşdırılması və bunun dövlət dəstəyi zamanı nəzərə alınması müəyyən edilir. Növbəli və vahid əkin, aqrotexniki tələblər, yem payı və minimal kəsim çəkisi kimi mexanizmlər də nəzərdə tutulur. "Fitosanitar nəzarəti haqqında" Qanunun müddəaları uyğunlaşdırılaraq özəl bitki sağlamlığı xidmətlərinin hüquqi çərçivəsi yaradılır. Heyvan saxlayanların vəzifələri heyvanların rifahına dair beynəlxalq yanaşmalar nəzərə alınmaqla müəyyən olunur.

Kənd yerlərinin inkişafı və aqrar xidmətlər məsələsi də yeni qanunun layihəsində öz əksini tapıb. Layihəyə görə, torpaq konsolidasiyası, kooperasiya, müqavilə əsaslı istehsal, aqroparklar və aqroklasterlər, logistika infrastrukturu və aqroturizm kompleks yanaşma əsasında tənzimlənir. Satış yerlərinin növləri müəyyən edilir: bazar, yarmarka, fermer mağazası, səyyar satış yerləri, elektron platformalar. Aqrar kooperativlərə satış yerləri təşkil etmək və bazarlarda ticarət yerləri əldə etmək hüququ verilir. Müvafiq qurum tərəfindən göstərilən 30-dan artıq aqrar xidmət ilk dəfə qanunda vahid siyahı şəklində təsbit olunur.

İclasda ki, qanunun qəbulu ilə "Taxıl haqqında", "Çayçılıq haqqında", "Pambıqçılıq haqqında" və "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunlar ləğv edilir. Onların aktual müddəaları yeni qanuna daxil edilir. Digər sahəvi qanunlar qüvvədə qalır və "baza qanun – xüsusi qanunlar" modeli çərçivəsində yeni qanunla əlaqələndirilir. Qanunun icrası üçün tətbiqi aktların qəbulu tələb olunacaq: subsidiyalaşdırma və reytinq qaydaları, aqrotexniki tələblər, vahid əkin qaydası, zootexniki normalar və s.

Vurğulanıb ki, qanunun qəbulu aqrar sahədə normativ tənzimləmənin vahidləşdirilməsini, dövlət dəstəyinin ünvanlı və şəffaf olmasını, resurslardan səmərəli istifadəni və sahənin iqlim dəyişikliklərinə davamlılığını təmin edəcəkdir. Kənd yerlərində məşğulluq və gəlirlər artacaq, nəticədə ölkənin ərzaq təhlükəsizliyi möhkəmlənəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: