Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb

A- A A+

Dünyamızın kəskinləşən münaqişələrdən, dərinləşən bərabərsizliklərdən və iqlim dəyişikliyinin təsirlərindən irəli gələn ciddi çağırışlarla üzləşdiyi indiki dövrdə bəşər ailəsinin bütün üzvlərinin ləyaqətinin, habelə bərabər və ayrılmaz hüquqlarının qorunması son dərəcə böyük əhəmiyyət kəsb edir.

NUHÇIXAN xəbər verir ki, bu, BMT Baş Assambleyasının 81-ci sessiyasının üçüncü komitəsinin insan hüquqlarının təşviqi və müdafiəsi mövzusunda keçirilən iclasında Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev tərəfindən səsləndirilən bəyanatda vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan Konstitusiyasında müəyyən edildiyi kimi, insan hüquq və azadlıqlarının təmin edilməsi ən yüksək prioritet məqsəddir və insan hüquqlarının təşviqi və müdafiəsində davamlı irəliləyişi qoruyub saxlamaq üçün ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilir. Bəyanatda Azərbaycanın BMT-nin insan hüquqları mexanizmləri, xüsusilə Ümumi Dövri İcmal, müqavilə qurumları və xüsusi prosedurların mandat sahibləri ilə beynəlxalq insan hüquqları alətlərinin həyata keçirilməsinə dair milli hesabatların mütəmadi olaraq təqdim edilməsi və monitorinq mexanizmləri ilə dialoqun saxlanılması yolu ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb.

"Keçmiş münaqişə nəticəsində məcburi köçkün düşmüş azərbaycanlıların insan hüquqlarının bərpa edilməsi həmişə dövlət üçün prioritet istiqamət olub. Böyük Qayıdış Proqramı çərçivəsində Azərbaycanın sistemli bərpa və yenidənqurma tədbirləri artıq 96 000 nəfərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına və orada yaşamasına imkan yaradıb.

Bu səylər mina təhlükəsinin geniş yayılması, 400-dən çox insanın həlak olması və ağır yaralanması ilə ciddi şəkildə əngəllənir ki, bu da onların zərərsizləşdirilməsində səmimi əməkdaşlıq tələb edir. Eyni zamanda, itkin düşmüş şəxs qismində qeydiyyata alınmış 4000-dən çox insanın taleyi digər mövcud humanitar problemdir", - Ş. Hacıyev vurğulayıb.

Bəyanatda itkin düşmüş şəxslər və aşkarlanan kütləvi məzarlıqların beynəlxalq humanitar hüquq çərçivəsində dəyərlənidirlməsinin əhəmiyyətinə də toxunulub:

"Hesabatlılıq danılmazdır və törədilmiş cinayətlərin qaçılmaz nəticəsi olmalıdır. Azərbaycan öz milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğun olaraq münaqişə zamanı onun mülki şəxslərinə və digər qorunan şəxslərə qarşı törədilmiş ağır cinayətlərin təhqiq edilməsi və məsuliyyətə cəlb olunması üçün qətiyyətli addımlar atmışdır".

"Suveren bərabərlik, ərazi bütövlüyünə hörmət və Dövlətlərin daxili işlərinə qarışmama Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş fundamental prinsiplərdir. Biz insan hüquqlarının siyasiləşdirilməsi və ikili standartların artan meyllərinə, yaxud müxtəlif beynəlxalq platformalarda insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxırıq", - diplomat diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: