Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır
Əminəm ki, bu gün biz qarşımıza həqiqətən də iddialı strateji hədəflər qoya bilərik. İqtisadiyyatlarımızın dinamik şəkildə inkişafı, onların şaxələndirilməsi, keyfiyyət və texnologiyanın yüksəlişi bizə ortaq maraqlarımıza uyğun və qarşılıqlı faydalı şərtlərlə biznes tərəfdaşlığımızı əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir. Mərkəzi Asiya və Azərbaycanın əsas logistika və enerji inkişaf mərkəzləri kimi rolu durmadan artır, Asiya və Avropadakı tərəfdaşlarla əməkdaşlıq üçün geniş perspektivlər açır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün açılış mərasimində bildirib.
“Sözsüz ki, ortaq mənəvi, mədəni və dəyərlərə əsaslanan yaxınlığı gücləndirmək, humanitar komponentimizi inkişaf etdirmək prioritet olub və belə olaraq qalır. Bu gün bütün bu vacib mövzuları və sahələri müzakirə edəcəyik. Ölkələrimizin və xalqlarımızın qurucu inkişafına və daimi tərəqqisinə yönəlmiş qiymətləndirmələr və təkliflər təqdim edəcəyik”, - deyə Türkmənistan Prezidenti bildirib.
