ATƏT Parlament Assambleyasının Andorrada işini davam etdirən payız sessiyası çərçivəsində təşkil olunan “Parlamentlər etimadın möhkəmləndirilməsi vasitəsi kimi: ATƏT məkanında çoxtərəfliliyin müdafiəsi və ortaq öhdəliklərə riayət edilməsi” adlı sessiyada Avropada və dünyada aktual təhlükəsizlik məsələləri müzakirə edilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Qaya Məmmədov sessiyada çıxış edib.
NUHÇIXAN xəbər verir ki, Qaya Məmmədov çıxışında Azərbaycanın beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına sadiq qaldığını vurğulayaraq, suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının ümumi təhlükəsizliyimizin təməlini təşkil etdiyini bildirib.
O, ATƏT-in ayırıcı xətləri aradan qaldırmaq məqsədilə yaradıldığını xatırladaraq, hazırda Avropada və dünyada meydana çıxan yeni ayırıcı xətlərin aradan qaldırılması istiqamətində dialoqun təşviqində ATƏT PA-nın üzərinə xüsusi məsuliyyət düşdüyünü qeyd edib.
Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütdüyünü vurğulayan deputat ölkəmizin bütün tərəfdaşları ilə kommunikasiya kanallarını açıq saxladığını və imkan daxilində tərəflər arasında gərginliyin azaldılmasına töhfə verdiyini bildirib.
“Azərbaycan silahlı münaqişənin nə demək olduğunu öz təcrübəsindən yaxşı bilir. Biz dağıntıların, məcburi köçkünlüyün və insan faciələrinin şahidi olmuşuq. Bu təcrübə bizə münaqişənin həllinə hərtərəfli yanaşmanın zəruriliyini öyrədib. Silahların susması kifayət deyil. Münaqişədən sonrakı bərpa və yenidənqurma, insanların təhlükəsiz qayıdışı və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi də mühüm əhəmiyyət daşıyır. Minalar hər bir münaqişənin ən ağır fəsadlarından biridir. Sülhün bərqərar olmasından uzun müddət sonra belə öz müharibəsini davam etdirən və insanların həyatına son qoyan silah kimi minalar sülhə ciddi təhlükə yaradır. 2020-ci ildə müharibənin başa çatmasından bəri 400-dən çox Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olub və ya xəsarət alıb”.
Çıxışda mina problemi ilə üzləşən ölkələrin bu problemin həllində tək buraxılmamalı olduğu vurğulanıb, dövlətləri Assambleyanın qəbul etdiyi sənədlərə uyğun olaraq humanitar minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstək məsələsini diqqət mərkəzində saxlamağa çağırış edilib.
