Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı: yeni geosiyasi reallıqlar və strateji perspektivlər

A- A A+

Dünyanın müxtəlif regionlarında geosiyasi gərginliyin artması, ənənəvi iqtisadi əlaqələrin dəyişməsi, enerji və nəqliyyat təhlükəsizliyinin ön plana çıxması dövlətləri yeni əməkdaşlıq modelləri axtarmağa sövq edir. Belə bir şəraitdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi və iqtisadi əlaqələrin genişlənməsi xüsusi strateji əhəmiyyət daşıyır. Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü də məhz bu baxımdan diqqəti cəlb edir.

Prezident İlham Əliyevin görüşdəki çıxışı Azərbaycanın Mərkəzi Asiya siyasətinin əsas istiqamətlərini, əldə olunmuş nəticələri və gələcək hədəfləri bir daha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın region ölkələri ilə münasibətləri artıq ənənəvi dostluq və ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq daha geniş strateji tərəfdaşlıq məzmunu qazanır.

Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi bu prosesin mühüm nəticələrindən biridir. Bu qərar Azərbaycanın region ölkələri üçün etibarlı siyasi və iqtisadi tərəfdaş kimi qəbul edildiyini göstərməklə yanaşı, Mərkəzi Asiya əməkdaşlıq məkanının Xəzərin qərb sahillərinə doğru genişlənməsinə də şərait yaratdı.

Uzun müddət vahid iqtisadi sistemin tərkibində olan Azərbaycan və Mərkəzi Asiya respublikaları müstəqillik əldə etdikdən sonra öz milli iqtisadiyyatlarını və xarici siyasətlərini formalaşdırdılar. Bu gün isə həmin dövlətlər qarşılıqlı maraqlar, suverenlik və bərabərhüquqluluq prinsipləri əsasında yeni əməkdaşlıq məkanı yaradırlar. 

Prezident İlham Əliyevin çıxışında səsləndirilən iqtisadi göstəricilər də münasibətlərin dinamik inkişafını nümayiş etdirir. Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiya imkanlarının genişlənməsi və birgə fondların yaradılması əməkdaşlığın konkret iqtisadi nəticələr verdiyini göstərir. 

Bu gün dövlətlərin beynəlxalq nüfuzu yalnız təbii sərvətləri və hərbi imkanları ilə müəyyənləşmir. Etibarlı nəqliyyat marşrutlarına, enerji infrastrukturuna, inkişaf etmiş logistika sisteminə və geniş tərəfdaşlıq şəbəkəsinə malik olmaq da ciddi geosiyasi üstünlük yaradır.

Son illərdə yaradılmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu ölkəmizin Şərqlə Qərb arasında mühüm əlaqələndirici rolunu gücləndirib. Mərkəzi Asiya dövlətlərinin zəngin təbii ehtiyatları, istehsal və ixrac potensialı Azərbaycanın nəqliyyat imkanları ilə birləşdikdə daha geniş iqtisadi perspektivlər yaranır.

Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun — Orta Dəhlizin inkişafı strateji əhəmiyyət daşıyır. Bu marşrut yalnız yüklərin bir məntəqədən digərinə daşınmasını təmin edən nəqliyyat xətti deyil. Onun ətrafında logistika mərkəzlərinin, sənaye müəssisələrinin, xidmət sahələrinin və yeni iqtisadi əlaqələrin formalaşması mümkündür.

Türkmənbaşı görüşünün əhəmiyyətini artıran mühüm amillərdən biri də Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafıdır. Xəzər dənizinin iki sahilində yerləşən bu dövlətlərin əməkdaşlığı yalnız ikitərəfli maraqlara deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir.

Digər tərəfdən Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin inkişafı Türk dünyasının iqtisadi inteqrasiyası baxımından da yeni imkanlar açır. Ortaq dil, tarix və mədəniyyət xalqlarımız arasında mənəvi yaxınlığın əsasını təşkil edir. Lakin bu yaxınlığın davamlı iqtisadi gücə çevrilməsi üçün ticarət, investisiya, nəqliyyat və istehsal əlaqələrinin daha da genişləndirilməsi vacibdir.

Türk Dövlətləri Təşkilatının gələcək geoiqtisadi çəkisi də böyük ölçüdə bu istiqamətdə əldə olunacaq nəticələrdən asılı olacaq. Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi, qarşılıqlı investisiyaların artması və yeni istehsal zəncirlərinin formalaşması təşkilata üzv və müşahidəçi dövlətlərin iqtisadi potensialından daha səmərəli istifadə olunmasına şərait yarada bilər.

Bu proses Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan üçün də mühüm perspektivlər vəd edir. Regional nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dayanıqlı əlaqələrin yaradılması və Türkiyə istiqamətində nəqliyyat imkanlarının genişlənməsi muxtar respublikanın iqtisadi inkişafına yeni təkan verə bilər.

Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşü bir daha göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər artıq yalnız ortaq tarixi-mədəni dəyərlərə deyil, konkret iqtisadi maraqlara, strateji layihələrə və uzunmüddətli əməkdaşlıq mexanizmlərinə əsaslanır.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunda Mərkəzi Asiya istiqamətinin xüsusi yer tutması da bu strateji reallıqlarla bağlıdır. Azərbaycanın məqsədi yalnız mövcud iqtisadi əlaqələrdən faydalanmaq deyil, həm də regionlar arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasında fəal iştirak etməkdir.

 

                                                                         Azad Novruzov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: