MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

A- A A+

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlət başçıları əhalinin növbəti siyahıyaalınmasının 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirilməsi barədə qərar qəbul ediblər.

NUHÇIXAN xəbər verir ki, müvafiq sənəd oktyabrın 9-da Türkmənistanda keçirilən MDB sammitinin yekunları üzrə imzalanıb.

Qərara əsasən, MDB-yə üzv dövlətlərdə əhalinin növbəti siyahıyaalınmaları 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçiriləcək. Ölkələrin hökumətlərinə 2030-cu il üzrə Ümumdünya Əhali və Mənzil Fondunun Siyahıyaalınması Proqramının dəstəklənməsi üçün tədbirlər görmək tapşırılıb.

MDB-yə üzv dövlətlərin statistika xidmətlərinin rəhbərləri Şurasına 2027-ci ildə milli siyahıyaalma proqramlarına daxil ediləcək sosial-iqtisadi və miqrasiya göstəricilərinin siyahısını razılaşdırmaq və təsdiqləmək tapşırılıb. Bu, Birliyə üzv ölkələrdə siyahıyaalınmanın əsas nəticələrini müqayisə etməyə imkan verəcək.

Sənəddə qeyd olunur ki, 2024-cü ildə BMT-nin əhalinin siyahıyaalınması üzrə növbəti onillik dövrü — 2020-ci il mərhələsi başa çatıb. MDB ölkələrinin doqquzunda milli siyahıyaalma keçirilib. Ümumilikdə, 215 milyon nəfər siyahıya alınıb ki, bu da Birlik əhalisinin təxminən 85 faizini təşkil edir.

2025-ci ildə BMT 2030-cu il mərhələsi üzrə Ümumdünya Əhali və Mənzil Fondunun Siyahıyaalınması Proqramının həyata keçirilməsi üçün əsas sənədləri təsdiqləyib.

Nəticələrin müqayisə imkanlarını təmin etmək məqsədilə MDB Statistika Komitəsi milli statistika xidmətləri ilə apardığı müzakirələrin yekununda 2020-ci il mərhələsində tətbiq edilmiş təcrübənin davam etdirilməsini təklif edib.

Bu təcrübə Dövlət Başçıları Şurasının müvafiq qərarının qəbul edilməsini, miqrasiyanın və işçi qüvvəsinin uyğun qayda, standart və normalara uyğun ölçülməsi üçün göstəricilər siyahısının hazırlanmasını, əlaqəli sualların siyahıyaalma vərəqələrinə daxil edilməsinə dair metodoloji tövsiyələrin işlənib hazırlanmasını, habelə dövlətlərarası informasiya mübadiləsi üçün cədvəl formatlarının müəyyənləşdirilməsini nəzərdə tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: