Rusiya Ermənistandan və Azərbaycandan "Tramp Marşrutu" (TRIPP) layihəsində iştirakla bağlı müraciət almayıb, lakin tərəflər Rusiyanın bu layihədə iştirak etməyə hazır olduğunu bilirlər.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda jurnalistlərə açıqlamasında bildirib.
"Hələlik bu layihədə – Donald Trampın adını daşıyan nəqliyyat marşrutunda iştirakla bağlı heç bir müraciət almamışıq. Lakin bütün maraqlı tərəflər bizim hazır olduğumuzdan və imkanlarımızdan xəbərdardırlar", – nazir bildirib. Onun sözlərini Rusiya mediası yayıb.
O, həmçinin Rusiyanın infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu qeyd edib. Nazir vurğulayıb ki, "Rusiya Dəmir Yolları" şirkəti Ermənistanda konsessiyaya malikdir və şirkət "Cənubi Qafqaz Dəmir Yolu" çərçivəsində fəaliyyət göstərir. Buna görə də bu infrastruktur Rusiya tərəfinə yaxşı tanışdır.
