Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb
Azərbaycan keçmiş münaqişə zamanı törədilmiş ağır cinayətlərin, xüsusilə mülki şəxslərə qarşı işgəncə və qeyri-insani rəftar hallarının araşdırılması və təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində keçirilən interaktiv dialoq zamanı bildirib.
İclasda işgəncələrə qarşı mübarizə və onların qarşısının alınması üzrə beynəlxalq mexanizmlərin fəaliyyəti müzakirə olunub.
Azərbaycan diplomatı bildirib ki, işgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə məruz qalmamaq hüququ fundamental insan hüquqlarından biridir və onun effektiv müdafiəsi milli və beynəlxalq səviyyədə əməkdaşlıq tələb edir.
Şəhriyar Hacıyev Azərbaycanın İşgəncələrə qarşı Konvensiya və digər beynəlxalq müqavilələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə işgəncələrin qarşısının alınması məqsədilə qanunvericilik islahatları həyata keçirilir, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün insan hüquqları sahəsində mütəmadi təlimlər təşkil olunur.
Diplomat qeyd edib ki, işgəncələrin qadağan olunması beynəlxalq hüququn imperativ normasıdır və bu sahədə törədilən cinayətlərin araşdırılması, zəruri hallarda isə təqsirkarların cəzalandırılması mühüm əhəmiyyət daşıyır.
Çıxışının sonunda Şəhriyar Hacıyev vurğulayıb ki, cəzasızlığa qarşı mübarizə həqiqi barışığın təmin edilməsinin və gələcəkdə işgəncə, qeyri-insani rəftar kimi ağır əməllərin təkrarlanmasının qarşısının alınmasının vacib şərtlərindən biridir.
