Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir - FOTOLAR
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN-a verilən məlumata görə, nazirlər Azərbaycan–Şri-Lanka ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparıb, siyasi dialoqun gücləndirilməsinin, idarələrarası müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə təmasların təşviq edilməsinin vacibliyini vurğulayıblar.
Onlar ikitərəfli əməkdaşlığın şaxələndirilməsi imkanlarını araşdırıb, turizm, enerji, təhsil, humanitar mübadilə və xalqlararası əlaqələrə xüsusi diqqət yetiriblər. Nazirlər, həmçinin tələbə mübadiləsinin genişləndirilməsinin, təqaüd imkanlarının araşdırılmasının və diplomatların peşəkar hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə, eyni zamanda, AQEM-in 7-ci Zirvə Toplantısının nəticələri və Azərbaycanın 2024–2026-cı illər üzrə sədrliyi barədə fikir mübadiləsi aparılıb, çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin, dialoq və qarşılıqlı anlaşmanın təşviq edilməsinin, eləcə də Asiya üzrə etimad quruculuğunun inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.
Nazirlər Azərbaycan–Şri-Lanka münasibətlərinin daha da inkişaf etdirilməsində və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsində ortaq maraqlarını bir daha təsdiqləyiblər.