Müstəqilliyimiz əbədidir

A- A A+

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü milli kimliyimizin, əyilməz iradəmizin, suverenlik əzmimizin və qürurumuzun təntənəsidir. Tarixin keşməkeşli yollarından həmişə alnı açıq üzü ağ çıxan xalqımız illər boyu arzusunda olduğu müstəqilliyini bərpa etmək üçün qəhrəmanlıqla mübarizə aparıb. 

1918-ci ildə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Şərqdə ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və süqutundan sonra Sovet imperiyasının tərkibində keçən illər ərzində xalqımız öz milli kimliyini qoruyub saxlaya bilib. Ötən əsrin 80-ci illərin sonlarından başlayaraq Sovet imperiyasının zəifləməsi ilə milli azadlıq hərəkatı başlanmış və nəticə olaraq, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı imzalanmış, Azərbaycan özünün müstəqilliyini bütün dünyaya bəyan etmişdi. Lakin, 90-cı illərin əvvəllərində hakimiyyətdə olan səriştəsiz qüvvələrin apardığı yanlış siyasət nəticəsində ölkədə hökm sürən xaos, anarxiya, vətəndaş müharibəsi təhlükəsi müstəqilliyimizi hər an itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Eyni zamanda, Ermənistanın torpaqlarımıza hərbi təcavüzü nəticəsində Laçın, Şuşa və digər strateji rayonların işğal olunması, iqtisadiyyatın tamamilə zəifləməsi, enerji böhranı, qaçqın-köçkün problemi gənc respublikanın varlığını sual altına qoymuşdu. Belə bir çətin, ağır, taleyüklü məqamda xalqın təkidli tələbi və istəyi ilə 1993-cü ildə Naxçıvandan Bakıya qayıdan dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını üzərinə götürərək ölkədə ictimai-siyasi sabitliyin bərpasına çalışmış, vətəndaş müharibəsinin qarşısı alınmışdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada təcrid olunmaqdan xilas edilmiş, dünyanın aparıcı dövlətləri və enerji şirkətləri ilə əməkdaşlığın təməli qoyulmuşdu. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” adlı nəhəng neft sazişi iqtisadiyyatın dirçəlməsinə, inkişafına şərait yaratmış, sosial proqramların icrası, qüdrətli ordu quruculuğu prosesi gələcək uğurlara yol açmışdı.

Sonrakı dövrdə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi xətini uğurla davam və inkişaf etdirmiş, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan regionun lider dövlətinə, qlobal miqyasda isə söz sahibinə, etibarlı tərəfdaşa çevrilib. Ölkədə reallaşdırılan qlobal enerji və nəqliyyat layihələri Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu əvəzolunmaz etməklə, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi tərəqqisi, rəqəmsal transformasiya və digər layihələr ölkəmizin hərtərəfli inkişafına şərait yaradıb.

Bütün bu iqtisadi və diplomatik uğurların əsasını isə 44 günlük şanlı Vətən müharibəsində xalqımızın əldə etdiyi böyük Zəfər təşkil edir. Tarixi ədalətin bərpa olunduğu bu şanlı tarix ölkə başçısının qətiyyətli siyasi iradəsi, şəhidlərimizin və qazilərimizin canı-qanı bahasına qazanılıb. Qısa müddət ərzində rəşadətli Ordumuz düşmənin 30 il ərzində qurduğu keçilməz hesab edilən mühəndis-istehkam qurğularını darmadağın edərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və digər rayonlarımızı işğaldan azad etdi. “Dəmir yumruq” əməliyyatı xalqımızın birliyini, ordumuzun misilsiz qəhrəmanlığını, Ali Baş Komandanın isə dəmir iradəsini və sərkərdəlik məharətini bütün dünyaya bir daha göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və qətiyyətli addımlar nəticəsində ölkəmizin suverenliyi tam təmin olunub. Torpaqlarımızda üçrəngli bayrağımız ucaldılıb.

 Bu gün Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında əsas söz sahibi olan Azərbaycan, eyni zamanda, beynəlxalq hüququnun norma və prinsiplərinə sadiqliyini nümayiş etdirərək Ermənistanla sülh yolunda irəliləyir. Ölkəmiz regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasını, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılmasını təşviq edərək bütün regionun iqtisadi tərəqqisinə töhfə verir.

İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Sıfırdan müasir şəhərlər, kəndlər, ağıllı infrastruktur layihələri, beynəlxalq hava limanları, avtomobil yolları və dəmir yolları inşa olunur, nəhəng su-elektrik stansiyaları tikilir, bərpaolunan enerji mənbələrindən istifadə olunur. Doğma yurdlarına qayıdan vətəndaşlarımızın təhlükəsiz və rahat yaşayışı üçün hər cür şərait yaradılıb, müasir məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları istifadəyə verilib.

Bu gün 18 oktyabr Müstəqilliyin Bərpası Günü həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş, parlaq gələcəyə doğru əmin addımlarla irəliləyən müasir Azərbaycanın qürur mənbəyi kimi olduqca əlamətdardır.

Güntac Şahməmmədli

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: