Azərbaycanın İspaniyadakı səfiri iki nüfuzlu mükafata layiq görülüb - FOTOLAR

A- A A+

Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov iki nüfuzlu mükafata layiq görülüb.

Bu barədə NUHÇIXAN-a Azərbaycanın İspaniyadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfir iyunun 25-də Madrid şəhərində İspaniya Krallığının Silahlı Qüvvələrinə məxsus Alkazar Hərbi Rezidensiyasında keçirilən rəsmi mərasimdə Asturiya Knyazlığının Kral Zadəganlar Korpusunun Qızıl Şərəf Medalı ilə təltif olunub. Təltif Milli Təhlükəsizlik üzrə Strateji Əməkdaşlıq Təşkilatı (CESN) və Asturiya Knyazlığının Diplomatik Forumu tərəfindən təşkil edilən mərasimdə təqdim olunub.

Təşkilatçılar səfirin uzunmüddətli dövlət qulluğunu, diplomatik fəaliyyətini, beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələri, eləcə də Azərbaycanın İspaniyada layiqli təmsil olunması istiqamətində xidmətlərini yüksək qiymətləndiriblər. Bildirilib ki, təltif Azərbaycan ilə İspaniya arasında siyasi, iqtisadi, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafına verilən töhfələrə ehtiramın ifadəsidir.

Bundan əlavə, oktyabrın 8-də Madrid şəhərindəki Kantabriya Mədəniyyət Evində (“Casa de Cantabria”) keçirilən “Raia Diplomática” nəşrinin III Mükafatlandırma mərasimində Ramiz Həsənov “İspaniyada akkreditə olunmuş ən yaxşı səfir” nominasiyası üzrə mükafata layiq görülüb. Mükafatı İspaniya Senatının üzvü Visente Azpitarte təqdim edib.

Mərasimdə çıxış edən səfir Azərbaycan ilə İspaniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verməkdən qürur duyduğunu bildirib. O, diplomatiyanın gündəlik dialoq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığını vurğulayaraq, bu istiqamətdə fəaliyyətin ikitərəfli əlaqələrin inkişafına, xalqların və mədəniyyətlərin yaxınlaşmasına xidmət etdiyini qeyd edib.

Hər iki tədbirdə müxtəlif ölkələrin diplomatik nümayəndələri, dövlət və parlament təmsilçiləri, ictimaiyyətin və biznes dairələrinin nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: