Milli Məclisin sədri TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib - FOTOLAR
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində səfərdədir. İşgüzar səfər çərçivəsində Milli Məclisin sədri oktyabrın 20-də TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, çıxışında Milli Məclisin sədri 2009-cu ilin sentyabrında Bakıda birinci plenar iclasın keçirilməsindən ötən illər ərzində TÜRKPA-nın səmərəli dialoq və əməkdaşlıq platformasına çevrildiyini və beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşdığını söyləyib.
Sahibə Qafarova TÜRKPA-nın fəaliyyətinin müxtəlif istiqamətlər üzrə səmərəli və arıdıcıl şəkildə həyata keçirildiyini bildirib. Deyib ki, TÜRKPA-nın daimi komissiyaları mühüm əlaqələndirmə mexanizmləri kimi çıxış edirlər. Milli Məclisin sədri artıq TÜRKPA çərçivəsində mühüm model qanunvericilik bazasının formalaşmaqda olduğunu vurğulayıb. Qeyd olunub ki, birgə işin əsas istiqamətlərindən biri kimi seçki və referendumların müşahidəsi də uğurla həyata keçirilməkdədir. Bu, həm TÜRKPA-nın beynəlxalq müşahidəçilik institutu kimi rolunun və nüfuzunun güclənməsinə xidmət edir, həm də parlamentlər arasında təcrübə mübadiləsi elementi kimi çıxış edir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, TÜRKPA üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir. Bu baxımdan o, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun işinin əhəmiyyətini vurğulayıb.
Gənc parlamentarilərin rolunu qeyd edən Sahibə Qafarova deyib ki, Türk Dövlətləri Təşkilatının hazırkı sədri, Azərbaycan Prezidenti İlham Əliyev təşkilata üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını ötən ay Bakıda qəbul edərkən ölkələrimizin qarşılaşdığı təhdidlər haqda fikirlərini paylaşıb və təşkilatı gənclər siyasəti sahəsində fəal işləməyə dəvət edib. Milli Məclisin sədri TÜRKPA-nı, o cümlədən gənc parlamentariləri də bu istiqamətdə səylərini gücləndirməyə çağırıb.
Sahibə Qafarova bildirib ki, hazırkı dövrdə süni intellekt və texnoloji tərəqqi artıq müasir idarəetmənin və ölkələrin dayanıqlı inkişafının əsas elementinə çevrilib. Azərbaycanda bu istiqamət prioritet kimi müəyyən edilib.
Çıxışda, həmçinin qeyd olunub ki, Türk Dövlətləri Təşkilatının ötən ilin oktyabrında Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşünün Yekun Bəyannaməsində də süni intellekt sahəsində əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilib. Bildirilib ki, süni intellekt və texnoloji tərəqqi yeni imkanlar formalaşdırdığı kimi, yeni çağırışlar, kibtertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yeni risklər də yaradır. Bütün bunlar isə qeyd olunan sahədə qarşılıqlı fəaliyyəti daha da zəruri edir.