Tacikistan Prezidenti ŞƏT-də iqtisadi əməkdaşlığı genişləndirməyə və təhlükəsizliyi möhkəmləndirməyə çağırıb
Oktyabrın 20-də Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə təşkilatın Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
NUHÇIXAN “Xovar” agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı qarşılıqlı ticarət və investisiyaların genişləndirilməsinin, nəqliyyat əlaqələrinin, sənaye əməkdaşlığının və rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsinin, eləcə də enerji və ərzaq təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Terrorizm, ekstremizm, kibertəhdidlər və narkotik qaçaqmalçılığına qarşı birgə mübarizəyə xüsusi diqqət yetirilib. Rəhmon, həmçinin Düşənbədə ŞƏT-in Narkotiklərə Qarşı Mübarizə Mərkəzinin yaradılmasının və təşkilatın 2030-cu ilə qədər İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsinin vacibliyini qeyd edib.
Tacikistan Prezidenti ölkəsinin BMT Baş Assambleyası tərəfindən dəstəklənən 2027-2036-cı illəri Gələcək Nəsillər üçün Sülhün Möhkəmləndirilməsi üzrə Beynəlxalq Onillik elan etmək təşəbbüsünü xatırladıb.
Rəhmon, həmçinin süni intellekt və innovativ texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə digər mövzular iqlim dəyişikliyinə uyğunlaşma, buzlaqların qorunması və su ehtiyatlarından səmərəli istifadəni əhatə edib.
