Bişkekdə TÜRKPA Şurasının iclası baş tutub - FOTOLAR

A- A A+

Oktyabrın 20-də Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclası çərçivəsində Qırğız Respublikasının Joqorku Keneşinin ev sahibliyində TÜRKPA Şurasının 15-ci iclası keçirilib.

TÜRKPA-dan NUHÇIXAN-a bildirilib ki, iclasda Şura üzvləri – Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Qurultayının sədri Aybek Dadebay, Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyev, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, həmçinin TÜRKPA-nın Baş katibi Ramil Həsən iştirak ediblər.

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Qurultayının sədri Aybek Dadebayın açılış nitqindən sonra TÜRKPA sədrliyinin Qazaxıstan Respublikası Qurultayından Qırğız Respublikası Joqorku Keneşinə təhvil verilməsi mərasimi keçirilib.

İclas zamanı parlament sədrləri, eləcə də TÜRKPA-nın Baş katibi çıxış ediblər.

Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyev TÜRKPA sədrliyini qəbul edərək təşkilatın yeni fəaliyyətdə olan sədri qismində salamlama nitqi ilə çıxış edib.

Şura gündəlikdə duran məsələlər üzrə qərarlar qəbul edib. Bu məsələlər TÜRKPA seçki müşahidə missiyalarının yekun hesabatlarının layihələrinin, 2027-ci il üçün büdcə layihəsinin və 15-ci plenar iclasın Bişkek Bəyannaməsinin layihəsinin təsdiqini, 2027-ci il üçün Fəaliyyət Planının qəbulunu, habelə daimi komissiyaların sədrləri və sədr müavinlərinin, Baş katibin müavinləri vəzifələrinə namizədlərin təsdiqini, eləcə də komissiya katiblərinin seçilməsini əhatə edib.

Mirlan Usenkanov TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının katibi seçilib. Aynurə Abutalıbova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi vəzifəsinə yenidən seçilib. Həmçinin Bauırjan Datkayev TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının katibi vəzifəsinə yenidən seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: