Daimi Nümayəndəlik: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir
Keçmiş münaqişə nəticəsində itkin düşmüş 4 mindən çox şəxsin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün münaqişədən sonrakı dövrdə əsas prioritetlərdən biri olaraq qalır.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində keçirilən interaktiv dialoq zamanı bildirib.
Diplomat qeyd edib ki, keçmiş münaqişə ilə əlaqədar 4 mindən çox şəxs itkin düşmüş hesab olunur və onların arasında 288 qadın, 71 uşaq və 319 yaşlı şəxs var.
Şəhriyar Hacıyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aparılan axtarışlar nəticəsində indiyədək 913 nəfərin qalıqları aşkarlanıb. Onlardan 328 nəfərin şəxsiyyəti DNT analizləri və məhkəmə-tibbi ekspertiza vasitəsilə müəyyən edilib, 273 nəfərin qalıqları isə dəfn edilməsi üçün ailələrinə təhvil verilib.
Bildirilib ki, münaqişə başa çatdıqdan sonra 253 nəfərin qalıqlarının olduğu 32 kütləvi məzarlıq aşkarlanıb.
Azərbaycan nümayəndəsi vurğulayıb ki, dəfn yerləri, xüsusilə kütləvi məzarlıqlar barədə məlumatların təqdim edilməsi, arxivlərin açılması və şahid ifadələrinin toplanması itkin düşmüş şəxslərin ailələrinin həqiqəti bilmək hüququnun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Diplomat BMT-ni və digər beynəlxalq təşkilatları axtarış işlərində, məlumat mübadiləsində və məhkəmə-tibbi ekspertiza sahəsində daha fəal iştirak etməyə çağırıb.
O, həmçinin Azərbaycanın itkin düşmüş şəxslər məsələsinə dair BMT Baş Assambleyasında mütəmadi qətnamələr irəli sürdüyünü və oktyabrın 7-dən 10-dək Bakıda bu mövzuya həsr olunmuş dördüncü beynəlxalq konfransın keçirildiyini xatırladıb.
Şəhriyar Hacıyev Azərbaycanın taleyi naməlum qalan şəxslərin aqibətinin aydınlaşdırılması üçün bütün imkanlarını səfərbər etməyə davam edəcəyini bildirib.
