Daimi Nümayəndəlik: Miqrant uşaqların hüquqlarının qorunması beynəlxalq əməkdaşlığın əsas prioritetlərindən biri olmalıdır

A- A A+

Miqrant uşaqların hüquqlarının qorunması və ailə birliyinin təmin edilməsi beynəlxalq əməkdaşlığın əsas prioritetlərindən biri olmalıdır. Heç bir dövlət miqrasiya ilə bağlı problemləri təkbaşına həll edə bilməz.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində miqrantların insan hüquqları üzrə xüsusi məruzəçi ilə keçirilən interaktiv dialoq zamanı bildirib.

Azərbaycan diplomatı Təhlükəsiz, Nizamlı və Qanuni Miqrasiya üzrə Qlobal Paktın (GCM) 45 çempion ölkəsi adından çıxış edib.

Şəhriyar Hacıyev xüsusi məruzəçinin hesabatında uşaqların ailə həyatına və ailə birliyinə olan hüquqlarına xüsusi diqqət yetirilməsini alqışlayıb. O vurğulayıb ki, miqrasiya siyasətinin hazırlanması və həyata keçirilməsi zamanı uşaqların hüquqları və üstün mənafeləri əsas götürülməlidir.

Diplomat bildirib ki, GCM çempion ölkələri xüsusilə valideynlərinin və ya əsas himayəçilərinin müşayiəti olmadan miqrasiya edən, yaxud ailələrindən ayrı düşmüş uşaqların vəziyyətindən narahatdır.

Çıxışda 2026-cı il Beynəlxalq Miqrasiya İcmalı Forumunun (IMRF) Tərəqqi Bəyannaməsinin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, sənəd təhlükəsiz və qanuni miqrasiya imkanlarının genişləndirilməsini, ailələrin birləşdirilməsini, humanitar əsaslarla miqrasiya mexanizmlərinin inkişaf etdirilməsini və uşaqların üstün mənafelərinin qorunmasını nəzərdə tutur.

Şəhriyar Hacıyev miqrant uşaqların saxlanılmasına alternativ, azadlıqdan məhrumetmə ilə bağlı olmayan tədbirlərin tətbiqinin vacibliyini də vurğulayıb. O bildirib ki, beynəlxalq hüquq çərçivəsində uşaqların miqrasiya səbəbindən saxlanılması praktikasına son qoyulmasına çalışılmalıdır.

Diplomat miqrantların geri qaytarılması və readmissiya proseslərinin insan hüquqlarına tam hörmət əsasında həyata keçirilməsinin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, bu proseslərdə uşaqların üstün mənafeləri, fərdi qiymətləndirmə, hüquqi təminatlar və təhlükəsiz, ləyaqətli geri qayıdış prinsipləri əsas götürülməlidir.

Sonda bildirilib ki, GCM çempion ölkələri miqrantların, onların ailələrinin və icmalarının həyat şəraitinin yaxşılaşdırılması məqsədilə BMT-yə üzv dövlətlər, xüsusi məruzəçi və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazırdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: