Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub - YENİLƏNİB - FOTOLAR

A- A A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının ölkəmizdə səfərdə olan xarici işlər naziri Tom Berendsen ilə görüşüb.

NUHÇIXAN  xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, gəmiqayırma, innovasiya və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyini vurğulayan nazir Ceyhun Bayramov, mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edib. Yüksək səviyyəli təmasların və Xarici İşlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.

Bununla yanaşı, parlamentlərarası əməkdaşlığın inkişafı istiqamətində səylərin artırıımasının əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.

Görüş zamanı Azərbaycan-Niderland münasibətlərinin inkişaf etdirilməsi üzrə 2026–2028-ci illər üçün Yol Xəritəsinin qəbul edilməsinin siyasi dialoqun dərinləşdirilməsi və müxtəlif sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi baxımından təqdirəlayiq olduğu bildirilib. Qarşılıqlı investisiyaların təşviqinin, yeni yaradılmış Azərbaycan-Niderland Ticarət Palatasının imkanlarından səmərəli istifadə edilməsinin, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın Orta Dəhliz çərçivəsində artan rolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlar diqqətə çatdırılıb. Təhsil, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, ali təhsil müəssisələri arasında mövcud əlaqələr, təlim proqramları, eləcə də mədəni-humanitar sahədə birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycan və Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, regional və beynəlxalq gündəlikdə duran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Regional vəziyyətə dair müzakirələr zamanı nazir Ceyhun Bayramov həmkarını Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar və sülh prosesi barədə məlumatlandırıb. Paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Mina təhlükəsinin yaratdığı humanitar problemlərə toxunularaq, minaların insan həyatı üçün davam edən təhdidinin, bərpa işlərinə və keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələrin aradan qaldırılmasının vacibliyi qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yekunda mətbuat konfransı keçirilib və nazirlər mətbuat konfransında bəyanatlarla çıxış ediblər.

13:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində yeni əməkdaşlıq imkanlarının araşdırılması müzakirə olunub.

Nazirlər Azərbaycan-Niderland münasibətlərinin inkişafı üzrə 2026–2028-ci illəri əhatə edən Yol Xəritəsinin qəbulunu ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm çərçivə kimi alqışlayıblar.

Yüksək səviyyəli təmasların, müntəzəm siyasi məsləhətləşmələrin və biznes dairələri arasında daha sıx əlaqələrin əhəmiyyəti də vurğulanıb.

Müzakirələr zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional proseslər və Azərbaycan-Ermənistan arasında normallaşma prosesi də nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfi sülh prosesi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri, eləcə də minaların yaratmaqda davam etdiyi humanitar təhlükə barədə məlumatlandırıb.

Tərəflər ikitərəfli münasibətləri daha da gücləndirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək niyyətlərini bir daha təsdiqləyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: