Avropa Şurasının Azərbaycana ehtiyacı Azərbaycanın Avropa Şurasına ehtiyacından qat-qat çoxdur.
NUHÇIXAN xəbər verir ki, bu fikri “Ágora Diplomática” təşkilatının vitse-prezidenti Jordi Xucla Brüsseldə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) ilə Belçikanın Egmont – Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan-Avropa İttifaqı beyin mərkəzlərinin forumunda səsləndirib.
Jordi Xucla Azərbaycanın həyata keçirdiyi xarici siyasəti yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan son illərdə ağıllı və uzaqgörən təşəbbüslərlə çıxış edərək çoxvektorlu xarici siyasətin uğurlu nümunəsini ortaya qoyub. J.Xucla qeyd edib ki, Azərbaycanın yanaşması “radikal səbir” prinsipinə əsaslanır. Bu, hərəkətə keçmək üçün münasib məqamı gözləmək, Rusiyanın mümkün reaksiyasını və 2020-ci il müharibəsindəki rolunu nəzərə almaq deməkdir. Azərbaycan məhz bu yanaşma sayəsində regionda öz təşəbbüslərini irəli aparmağa nail olub.
Avropa Parlamentinin fəaliyyətinə də toxunan Jordi Xucla qeyd edib ki, bu qurum bir sıra sahələrdə geniş səlahiyyətlərə malik olsa da, xarici siyasət həmin istiqamətlərdən biri deyil. Onun fikrincə, ayrı-ayrı ölkələrin daxili siyasi prosesləri və seçici qruplarının maraqları Avropa Parlamentində mövqelərin formalaşmasına ciddi təsir göstərir.
