Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

A- A A+

Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb.

NUHÇIXAN xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar, Sülh və Təhlükəsizlik: İcra vasitəsilə vədin yerinə yetirilməsi" mövzusundakı açıq debatda səsləndirib.

"Təəssüf ki, silahlı münaqişələr bütün dünyada qadınlar və uşaqlara qeyri-mütənasib şəkildə təsir göstərməkdə davam edir. Beynəlxalq öhdəliklərə əməl olunmaması, həmçinin beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasına görə məsuliyyətsizlik fonunda geniş yayılmış pozuntular davam edir", - o bildirib.

N. Bağırova xatırladıb ki, silahlı münaqişələrin humanitar nəticələri, Təhlükəsizlik Şurasının 2474 (2019) saylı qətnaməsində qəbul edildiyi kimi, zərərçəkmiş əhalinin, o cümlədən qadın və qızların ehtiyaclarının və üzləşdikləri çağırışların həll edilməsi üçün vaxtında və adekvat beynəlxalq dəstək tələb edir:

"Onilliklər boyu davam edən münaqişənin başa çatmasına və regionda sülh gündəliyinin irəli aparılmasında əldə edilən irəliləyişə baxmayaraq, keçmiş silahlı münaqişə ilə əlaqədar itkin düşmüş minlərlə azərbaycanlının taleyi və harada olması hələ də aktual humanitar narahatlıq mənbəyi olaraq qalmaqdadır.

İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və bu xüsusda əlaqədar beynəlxalq səylərin irəli aparılması Azərbaycan üçün son dərəcə mühüm əhəmiyyət kəsb etməkdə davam edir.

Münaqişədən sonrakı dövrdə Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli qayıdış hüquqlarını həyata keçirə bilmələri üçün genişmiqyaslı bərpa və yenidənqurma işləri reallaşdırıb. Böyük Qayıdış Proqramı çərçivəsində qadınların və qızların səlahiyyətlərinin artırılması və onların bərpa prosesində əhəmiyyətli iştirakının təmin edilməsi üçün xüsusi tədbirlər tətbiq edilib.

Lakin bu səylər minalar və müharibənin digər partlayıcı qalıqlarının yaratdığı davamlı təhlükə səbəbindən hələ də ciddi şəkildə əngəllənməkdədir. 2020-ci ilin noyabr ayından etibarən, qadınlar və uşaqlar da daxil olmaqla, 443 nəfər mina hadisələrinin qurbanı olub və bu rəqəmlər artmaqda davam edir. Bu ağır vəziyyət milli humanitar minatəmizləmə potensialının gücləndirilməsi və minatəmizləmə səylərinin dəstəklənməsi üçün adekvat beynəlxalq yardıma təcili ehtiyac olduğunu vurğulayır.

Bu çətinliklərə baxmayaraq, hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində təxminən 96,000 nəfər artıq geri qayıdıb və hazırda yenidən qurulan şəhər, qəsəbə, kəndlərdə yaşayır və işləyir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: