Mayın 24-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə gündəliyə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil olduğunu deyib.
O bildirib ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 16-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsinin yeni redaksiyada verilməsi təklif olunur. Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna təklif edilən dəyişikliklərin məqsədi isə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun icrasının təmin edilməsindən ibarətdir.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.