ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
NUHÇIXAN xəbər verir ki, ABŞ-ın tanınmış turizm mərkəzlərindən biri olan Mayami-Deyd dairəsinin meri Karlos Ximenes və Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Adams Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar rəsmi bəyannamələr imzalayıblar.
Bəyannamələrdə bildirilir ki, dünya azərbaycanlıları son 100 il ərzində 28 may tarixini Azərbaycan Respublikası Günü kimi qeyd edirlər. Florida ştatının Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının 2006-cı il oktyabrın 26-da təsis olunması bu ənənələri yaşatmaq və davam etmək məqsədini güdür.
Sənəddə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edən ölkələrdən biridir.
ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsini alqışlayan Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri bəyannamələrində 2019-cu il 28 may tarixini Mayami-Deyd dairəsində Azərbaycan Milli Günü elan edir və bütün dairə sakinlərini Azərbaycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırırlar.
Mayami-Deyd dairəsində 2,8 milyona yaxın, Hallandeyl Biç şəhərində isə 37 min sakin yaşayır. Buna görə də Mayami-Deyd ABŞ-da yeddinci ən sıx əhalisi olan dairə sayılır. ABŞ-ın turizm paytaxtlarından biri sayılan Mayami şəhəri Mayami-Deyd dairəsinin tərkibindədir.