Vüqar Rəhimzadə: Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır

A- A A+

Coğrafi və strateji baxımdan alınmaz qala olan Şuşanın işğaldan azad edilməsi 44 günlük İkinci Qarabağ müharibəsinin ən parlaq səhifəsi, hərbi-strateji zirvəsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin gedişi dövründə xarici mətbuata verdiyi müsahibələrin hər birində bu çağırışı edirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru  inamla irəlilədi. Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutur. 2020-ci il noyabrın 8-də müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayaları aşaraq, dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı demək olar ki, Şuşa əməliyyatı Qarabağ Zəfərinin zirvəsində dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndər Heydər Əliyevin  başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da  adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Strateji cəhətdən əlverişli mövqeyi ilə seçilən Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. Şuşanın azad edilməsi Ermənistanın hərbi-siyasi rəhbərliyini kapitulyasiyaya məcbur edən əsas amil oldu. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa - Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. 1977-ci ildə  Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edirdi. Prezident İlham Əliyevin 7 may  2021-ci il  tarixli Sərəncamı ilə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilib. 2022-ci ilin  mart ayında TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. 2023-cü ilin  sentyabrında  Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”, 2023-cü ilin  oktyabrında İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında isə  Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilib. Bütün bu addımlar dünənimiz və bugünümüzlə bağlı mühüm çağırışları özündə birləşdirir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısı İlham Əliyev  8 noyabr 2020-ci il tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” çağırışını etdi. Bu çağırış Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun reallığa çevrilməsinin yaratdığı sevincin, böyük qürur hissinin təqdimatı oldu. Şuşanı azad görmək Ümummilli Liderin ən böyük arzusu idi. Şuşa şəhərinə sakinlərin qayıdışı da məhz 2024-cü ilin 10 may tarixində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə reallığa çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ilə bağlı xalqa müraciətini də məhz Şuşadan etdi. Həmin müraciətində “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi” söyləyən Prezident İlham Əliyev onu da qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.

 Vüqar Rəhimzadə vurğulayıb ki, 2021-ci ilin may ayında  qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında” Qanun  Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılıb. Prezident İlham Əliyevin  5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il  ölkəmizdə  “Şuşa İli” elan edildi.  Dövlət başçısının işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında  31 iyul  2023-cü il tarixli Sərəncamına əsasən, 8 noyabr Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Göründüyü kimi, atılan hər bir addım Şuşanın tarixi simasının bərpasına xidmət edir. Nazirlər Kabineti 2024-cü ilin  21 oktyabr tarixində “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Şəhərin kopseptual sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri, tarixi-mədəni strukturu və gələcək yönümlü həllər əsas rol oynayıb. Baş planda şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınıb, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub.

Hazırda bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb. Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, “Saatlı” və “Daşaltı” məscidləri, Mehmandarovlar malikanəsi, Sadıqcanın evi, eləcə də digər tarixi-mədəni abidələr bərpa edilib. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Şuşada “Xarıbülbül” Musiqi Festivalı, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edilib. Şuşa iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətindədir.  Ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media forumları dünyanın diqqətini Qarabağın döyünən ürəyinə yönəldərək bu məkandan mühüm mesajların verilməsi, çağırışların səsləndirilməsi ilə  yadda qalır. Şuşa bu gün sözün əsl mənasında dirçəlir, çal-çağırlı günlərini yaşayır. Şuşa bu gün “ağıllı şəhər" elementləri ilə keçmiş və gələcəyin sintezini təşkil edir.

 Millət vəkili bildirib ki, uzun illər davam edən ayrılıqdan sonra Şuşa şəhərinə sakinlərin qayıdışı ilə Azərbaycan mədəniyyətinin beşiyi olan bu unikal şəhərə yeni ruh, yeni nəfəs gəlib. Bu ilin oktyabr ayının 23-ə olan məlumata əsasən, Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində 26 ailə olmaqla 90 nəfər, ümumilikdə  420 ailə, 1579 nəfər məskunlaşıb. Dövlət başçısı İlham Əliyevin ötən 6 ildə Şuşa şəhərinə reallaşdırdığı 37 səfərin hər biri burada həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası, Böyük Qayıdış Proqramının uğurlu icrası barədə aydın təsəvvür yaradır.

Vüqar Rəhimzadə qısa təhlil əsasında bu ümumiləşdirməni aparıb ki, Şuşa Şəhəri Günü Azərbaycanın ərazi bütövlüyünün bərpası, regionda formalaşan yeni geosiyasi reallıqlar və 30 illik işğala son qoyulmasının ən mühüm rəmzidir. Bu tarix sadəcə hərbi qələbəni deyil, həm də Cənubi Qafqazın siyasi mənzərəsini yenidən formalaşdıran strateji dönüş nöqtəsini ifadə edir. Keçmiş münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyü barədə formalaşdırılmış stereotiplər tamamilə yox oldu. Regionda təhlükəsizlik, nəqliyyat və logistika arxitekturası Azərbaycanın liderliyi ilə yenidən qurulmağa başladı. Azərbaycan öz milli gücünü, hərbi potensialını və diplomatik iradəsini beynəlxalq səviyyədə qəti şəkildə təsdiq etdi. Şuşanın tarixi kimliyinin qaytarılması şəhəri yenidən qlobal diplomatik və mədəniyyət mərkəzlərindən birinə çevirdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: