Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrün hadisələri ilə məhdudlaşmır, bütöv bir xalqın gələcək taleyinə, milli yaddaşına və dövlətçilik düşüncəsinə təsir göstərir. 8 Noyabr – Zəfər Günü məhz belə tarixi günlərdən biridir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası, xalqımızın milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və Ordumuzun hərbi qüdrətinin təntənəsidir.
Otuz ilə yaxın müddətdə Azərbaycan xalqı torpaqlarımızın işğalı ilə barışmadı, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın qayıdış ümidini itirmədi. Qarabağ həsrəti hər bir azərbaycanlının qəlbində yaşayan ümummilli bir ağrıya çevrilmişdi. Bu illər ərzində dövlətimiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq münaqişənin sülh yolu ilə həlli istiqamətində ardıcıl siyasət həyata keçirdi. Bununla yanaşı, güclü iqtisadiyyatın, müasir ordunun və milli birliyin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına başladı. Cəmi 44 gün davam edən müharibə xalqımızın sarsılmaz iradəsini, hərbçilərimizin misilsiz qəhrəmanlığını və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi.
2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi isə Vətən müharibəsinin taleyini müəyyənləşdirən ən mühüm tarixi hadisələrdən biri oldu. Şuşanın azadlığı hərbi-strateji əhəmiyyəti ilə yanaşı, milli-mənəvi dəyəri baxımından da müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan mədəniyyətinin beşiyi, görkəmli şəxsiyyətlərimizin və sənətkarlarımızın yetişdiyi bu qədim şəhərin azad edilməsi xalqımızın mənəvi qələbəsinin də təcəssümü idi. Məhz buna görə də 8 Noyabr tariximizə Zəfər Günü kimi daxil oldu.
Bu Zəfərin əldə olunmasında xalqımızın birliyi və həmrəyliyi xüsusi rol oynadı. Müharibənin ilk günlərindən etibarən cəmiyyətimizin bütün təbəqələri vahid amal ətrafında birləşdi. Ön cəbhədə döyüşən əsgər və zabitlərimiz, arxa cəbhədə öz dəstəyini əsirgəməyən vətəndaşlarımız, informasiya müharibəsində həqiqətlərimizi dünyaya çatdıran insanlar eyni məqsədə – Vətənimizin ərazi bütövlüyünün bərpasına xidmət etdilər. Bu birlik Azərbaycan xalqının ən böyük mənəvi güc mənbələrindən biri olduğunu bir daha təsdiqlədi.
Təbii ki, bu tarixi qələbənin arxasında böyük qəhrəmanlıq və ağır itkilər dayanır. Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Qazilərimizin fədakarlığı, döyüşçülərimizin igidliyi və şəhid ailələrinin göstərdiyi mənəvi dözüm hər zaman dövlətimizin və cəmiyyətimizin diqqət mərkəzində olmalıdır. Zəfər Gününü qeyd edərkən ilk növbədə bu qələbəni bizə yaşadan qəhrəmanlarımızın qarşısında mənəvi borcumuzu unutmamalıyıq.
Bu gün Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri qazanılmış tarixi Zəfərin nəticələrini möhkəmləndirmək, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirmək, Böyük Qayıdış prosesini uğurla həyata keçirməkdir. Qarabağ və Şərqi Zəngəzurda yenidən qurulan yaşayış məntəqələri, istifadəyə verilən sosial infrastruktur obyektləri, yaradılan yeni iqtisadi imkanlar dövlətimizin gücünü və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir.
8 Noyabrın əhəmiyyəti Naxçıvan Muxtar Respublikası üçün də xüsusi məna daşıyır. Naxçıvan Azərbaycan dövlətçiliyinin mühüm dayaqlarından biri olmaqla, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və milli maraqları məsələsində hər zaman vahid mövqedən çıxış edib. Ümummilli həmrəyliyimizin təcəssümü olan Zəfər xalqımızın bütün bölgələrini, o cümlədən Naxçıvanı vahid milli amal ətrafında birləşdirən tarixi hadisədir. Bu gün əldə olunan nailiyyətlər ölkəmizin bütün bölgələrinin inkişafı, qarşılıqlı əlaqələrin genişlənməsi və milli potensialımızın daha da güclənməsi üçün yeni imkanlar yaradır.
Hesab edirəm ki, Zəfər Gününün gələcək nəsillərə düzgün çatdırılması, gənclərimizdə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərə bağlılığın və dövlətçilik məsuliyyətinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu Zəfər yalnız bugünkü nəslin deyil, gələcək nəsillərin də qürur mənbəyidir. Hər bir gənc bilməlidir ki, bu gün azad və bütöv Azərbaycan reallığı böyük fədakarlıqlar, sarsılmaz iradə və milli birlik hesabına əldə olunub.
8 Noyabr bizə bir daha sübut etdi ki, güclü dövlət, qətiyyətli rəhbərlik, milli birlik və Vətən sevgisi bir araya gəldikdə xalq öz tarixinin ən böyük məqsədlərinə nail ola bilər. Bu tarix Azərbaycanın yalnız hərbi qələbəsinin deyil, həm də milli ruhunun, dövlətçilik ənənələrinin və gələcəyə inamının təntənəsidir.
Zəfər Günü xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu tarixi qələbəni bizə bəxş edən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayır, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərin davamlı olmasını diləyirik.
Mahir İsmayılov
Ali Məclisin deputatı
