Strasburqda Zəfər Günü qeyd olunub - FOTOLAR
Vətən müharibəsində qazanılmış tarixi Qələbənin altıncı ildönümü münasibətilə Strasburqda Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, Fransanın Strasburq şəhərində və ətraf bölgələrdə yaşayan soydaşlarımızın iştirak etdiyi tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanında müvəqqəti işlər vəkili Ziya Fətəliyev 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin Azərbaycan xalqının milli gücünün, iradəsinin və birliyinin əbədi rəmzi olduğunu vurğulayıb.
O, təxminən 30 il davam edən işğal dövründə Azərbaycan xalqının ağır sınaqlarla üzləşdiyini, lakin qarşılaşdığı haqsızlıqların və çəkdiyi iztirabların xalqımızın iradəsini qıra bilmədiyini bildirib. Qeyd edib ki, doğma torpaqlara, Qarabağa qayıtmaq arzusu və inamı bütün bu illər ərzində xalqımızın qəlbində yaşayıb.
Ziya Fətəliyev vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin liderliyi və qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, şəhidlərimizin canı və qanı, xalqımızın sarsılmaz həmrəyliyi sayəsində işğala və ədalətsizliyə son qoyulması ilə nəticələnib.
O, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin, qazilərin və arxa cəbhədə fədakarlıq göstərən hər bir vətəndaşın ümumi Qələbəyə verdiyi töhfənin heç vaxt unudulmayacağını diqqətə çatdırıb.
Tədbir çərçivəsində Strasburqda yaşayan Azərbaycan diasporunun üzvü Bəsti Həsənova Vətən müharibəsinə həsr etdiyi müəllif şeirini səsləndirib. Daha sonra musiqiçi Kamran Qaralovun hazırladığı musiqi proqramı təqdim olunub.
Tədbir çərçivəsində Zəfər Gününə həsr edilmiş videoçarxlar nümayiş olunub.