“Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv etdi” adlı videoçarx hazırlanıb - FOTOLAR

A- A A+

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi işğal edilmiş ərazilərimizdə məhv olunan tarixi, mədəni irsimizin vəziyyəti ilə bağlı kampaniyanın növbəti hissəsini Qarabağ xalçalarına həsr edib.

İctimai Birlikdən NUHÇIXAN-a verilən məlumata görə, qurum bununla bağlı ingilis dilində videoçarx hazırlayıb. BMT-nin, ATƏT-in və Minsk qrupuna daxil olan dövlətlərin, o cümlədən Avropa İttifaqının bir sıra proqramlarının sosial şəbəkələrdəki rəsmi hesablarına, elektron ünvanlarına göndərilən videoçarxda diqqət Qarabağda vaxtı ilə mövcud olmuş xalçaçılıq ənənələrinə yönəldilib. Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xalçaları öz rəngarəngliyi və ornamentləri ilə seçilib. Qarabağ xalçaları məhz bu xüsusiyyətinə görə Qafqazda şöhrət qazanıb. Məşhur Brokhaus Efron ensiklopediyası 1904-cü ildə yazırdı ki, Şuşa şəhəri bütün Qafqazda xalçaçılıq mərkəzi kimi tanınır. Şuşalı xalçaçılar 1867-ci ildə məşhur Paris, 1872-ci ildə isə Moskva sərgilərində mükafatlara layiq görülüb. XVIII əsrdə Şuşada toxunmuş xalça bu gün də Bostonun İncəsənət Muzeyində ən qiymətli eksponatlar sırasındadır. Bu, bir daha Qarabağda xalçaçılığın qədim ənənələrinin olmasını təsdiqləyir.

Videoçarxda Şuşada mövcud olmuş Xalça Muzeyi və onun ermənilər tərəfindən dağıdılması ilə bağlı məlumatlar yer alıb. XVIII əsrdə Şuşada yaradılmış və general Səməd bəy Mehmandarovun mülkündə yerləşən Şuşa Xalça Muzeyi öz zəngin eksponatları ilə məşhur idi. Təəssüf ki, erməni işğalı xalçaçılıq ənənələrimizə son qoymaqla yanaşı, bu eksponatların bir hissəsinin dağıdılmasına və oğurlanmasına səbəb oldu. Bu gün Şuşa Xalça Muzeyi Bakıda Azərbaycan Xalça Muzeyinin daxilində fəaliyyət göstərir.

Qeyd edək ki, icmanın beynəlxalq təşkilatlara ünvanladığı əvvəlki videoçarxlar Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün güllələnmiş abidələrinə, Qarabağda qədim musiqi və şahmat ənənələrinə həsr olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: