Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biri 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsidir. Bu müharibə xalqımızın milli iradəsini, ordumuzun gücünü, əsgər və zabitlərimizin qəhrəmanlığını, dövlətimizin ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan xalqı öz tarixinin yeni bir səhifəsini yazdı. Bu səhifə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgərlərimizin qəhrəmanlığı və milyonlarla azərbaycanlının qəlbində yaşayan Vətən sevgisi ilə yazıldı.
Qarabağ məsələsi Azərbaycan xalqının uzun illər boyu ürəyində daşıdığı ən böyük ağrılardan biri olmuşdur. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüşdür. Ailələr öz evlərini, uşaqlar uşaqlıq xatirələrini, yaşlı insanlar isə ömrlərini keçirdikləri doğma torpaqlarını itirmişdilər. Qarabağ və ətraf rayonlardan məcburu köçkün düşən insanlar illərlə doğma yurdlarına qayıtmaq arzusus ilə yaşamışdılar.
Azərbaycan xalqı bütün illər ərzində torpaqlarının işğalı ilə barışmadı. Dövlətimiz beynəlxalq hüququn pirinsiplərinə əsaslanaraq münaqişənin sülh yolu ilə həlli üçün çalışdı. Lakin uzun müddət davam edən danışıqlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini təmin etmədi. Nəhayət, 2020-ci ildə tarix yeni bir mərhələyə qədəm qoydu.
2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, cəbhə xətti boyu Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini iriçaplı silahlardan, minamyotlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Bu təxribat nəticəsində həm hərbçilərimiz, həm də dinc sakinlər arasında itkilərin olması Azərbaycan dövlətinin sərt və qətiyyətli addım atmasını şərtləndirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal xalqa müraciət edərək Ermənistanın işğalçılıq siyasətinə son qoymaq məqsədilə bütün cəbhə boyu geniş miqyaslı əks-hücum əməliyyatlarının başladığını elan etdi. Bu əməliyyat tariximizə “Dəmir Yumruq” adı ilə daxil oldu. “Dəmir Yumruq” sadəcə hərbi bir kod adı deyil, həm də Azərbaycan xalqının birliyini, dövlətin qətiyyətini və ordunun sarsılmaz gücünün rəmzinə çevrildi.
Müharibənin gedişində Azərbaycan Ordusunun əld etdiyi mühüm uğurlardan biri Cəbrayıl şəhərinin azad edilməsi oldu. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edilməsi elan edildi. Bu hadisə ordumuzun cənub istiqamətində irəliləyişində mühüm mərhələ idi.
Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də böyük strateji və mənəvi əhəmiyyət daşıyırdı. Uzun illər işğal altında qalan Füzuli öz azadlığına qovuşurdu. Bu ərazilərin azad edilməsi sonrakı əməliyyatlar üçün də mühüm imkanlar yaratdı. Oktyabrın 20-də Zəngilan şəhərinin, oktyabrın 25-də isə Qubadlı şəhərinin azad edilməsi elan olundu. Bu qələbələr Azərbaycan Ordusunun ardıcıl və məqsədyönlü hərbi əməliyyatlarının nəticəsi idi. Azad edilən hər bir şəhərin adı xalqımızın yaddaşında xüsusi yer tutdu. Bu şəhərlər təkcə coğrafi məkan deyildi. Onlar doğma evlər, ata-baba yurdları tarixi abidələr, məscidlər, qəbiristanlıqlar və nəsillər boyu qorunub saxlanılan xatirələr demək idi.
44 günlük Vətən müharibəsinin ən mühüm hadisələrindən biri Şuşa şəhərinin azad edilməsi oldu. Qarabağın mədəniyyət paytaxtı sayılan Şuşa Azərbaycan xalqının tarixində, ədəbiyyatında, musiqisində və milli kimliyində xüsusi yer tutur. Şuşa dəniz səviyyəsindən yüksəkdə yerləşməsi, mürəkkəb dağlıq relyefi və strateji mövqeyi ilə seçilir. Şəhərin azad edilməsi hərbi baxımdan olduqca çətin əməliyyat idi. Azərbaycan hərbçiləri ağır təbii şəraitdə, çətin keçilən dağ yollarında və yaxın məsafəli döyüşlərdə böyük cəsarət nümayiş etdirdilər. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi xəbəri Azərbaycan xalqına çatdırıldı. Bu xəbər ölkənin hər yeridə böyük sevinc və qürurla qarşılandı. İsanlar küçələrə çıxır, Azərbaycan bayraqlarını dalğalandırır, illərlə gözlədikləri tarixi anın sevincini yaşayırdılar. Şuşanın azad edilməsi müharibənin taleyinə həlledici təsir göstərdi. Bu hadisə Azərbaycanın hərbi və siyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Şuşanın azadlığı həm də Azərbaycan mədəniyyətinin, milli irsinin və tarixi yaddaşının qorunması baxımından mühüm rəmzi məna daşıyırdı. Şuşa Zəfərimizin simvollarından birinə çevrildi. Bu şəhərin azad edilməsi göstərdi ki, Vətənə bağlılıq, peşəkarlıq, cəsarət və qətiyyət ən çətin maneələrin belə aşılmasına imkan yarada bilər.
44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasının arxasında böyük fədakarlıqlar dayanır. Vətən uğrunda canından keçən şəhidlərimiz xalqımızn yaddaşında əbədi yaşayacaq. Onlar ailələrini, arzularını və gələcək planlarını geridə qoyaraq Vətənin müdafiəsinə qalxdılar. Döyüşlərdə yaralanaraq sağlamlığını itirən qazilərimiz də böyük ehtiram və qayğıya laiqdirlər. Onlar müharibənin ağır sınaqlarından keçərək Vətənin müdafiəsi üçün mübarizə aparıblar. Qazilərin sosial müdafiəsi, reabilitasiyası, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi cəmiyyətin mühüm vəzifələrindəndir.
2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən üçtərəfli bəyanat imzalandı. Bəyanata əsasən hərbi əməliyyatların dayandırılması və bir sıra ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutuldu. Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycanın nəzarətinə qaytarıldı. Bu hadisələr uzun illər doğma yurdlarından ayrı düşmüş insanların geri qaytarılması üçün yeni imkanlar yaratdı.
44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş nöqtəsi oldu. Müharibənin nəticələri ölkənin sonrakı inkişafına, azad edilmiş ərazilərdə quruculuq və bərpa işlərinin başlanmasına mühüm təsir göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edildi. Bu tarix Şuşanın azad edilməsinin və Vətən müharibəsində əldə edilən tarixi qələbənin rəmzinə çevrildi. Zəfər Günü hər il ölkəmizdə böyük qürur hissi ilə qeyd olunur. Bu gün Azərbaycan xalqı qəhrəman əsgərlərimizi, şəhidlərimizi və qazilərimizi ehtiramla yad edir. Dövlət bayraqlarımız dalğalanır. Vətənpərvərlik tədbirləri keçirilir, gənclərə müharibənin tarixi əhəmiyyəti haqqında məlumat verilir.
Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında yeni vəzifələr yarandı. Uzun illər işğal altında qalmış ərazilərdə yaşayış məntəqələrinin bərpası, yolların çəkilməsi, məktəblərin, xəstəxanaların və digər infrastruktur obyektlərinin tikilməsi istiqamətində işlərə başlanıldı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr doğma yurdlarından didərgin düşmüş insanların geri qayıtması üçün şərait yaratmağa yönəlib. Yeni yaşayış məntəqələrinni salınması, kommunal xidmətlərin qurulması, iqtisadi fəaliyyətin bərpası və məşğulluq imkanlarının yaradılması bu prosesin mühüm istiqamətləridir. İşğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmə işləri də böyük əhəmiyyət daşıyır. Minalar mülki əhali üçün ciddi təhlükə yaratdığından insanların təhlükəsiz qayıdışı üçün ərazilərin təmizlənməsi vacibdir.
Bütün bu işlər göstərir ki, Zəfər yalnız döyüş meydanında qazanılan uğurla məhdudlaşmır. Əsl qələbə azad edilmiş torpaqlarda həyatın yenidən canlaması, insanların öz doğma yurdlarında təhlükəsiz və firavan yaşaması ilə tamamlanır.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq, birlik və əzmkarlıq salnaməsidir. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq, qazilərimizə hörhətimiz heç vaxt azalmayacaq. Zəfər tariximiz gələcək nəsillərə vətən sevgisinin, milli qürurun və dövlətə sədaqətin ən böyük nümunələrindən biri kimi ötürüləcək.
Qarabağ Azərbaycandır! Yaşasın müstəqil Azərbaycan!
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın
və Açıq Səma Altında Muzey Kompleksinin
direktoru Rəhim Rəhimov
