Milli dirçəliş milli dövlətçiliyin və xalq birliyinin təməli oldu

A- A A+

Azərbaycan xalqının müasir tarixində 17 Noyabr – Milli Dirçəliş Günü milli azadlıq mübarizəsinin, dövlət müstəqilliyinə aparan yolun və xalqın öz tarixi taleyinə sahib çıxmaq iradəsinin ifadəsi kimi mühüm yer tutur. 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlanan ümumxalq hərəkatı xalqımızın milli özünüdərk prosesində yeni mərhələ açdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, torpaqlarımızın təhlükə altına düşməsinə və milli hüquqlarımızın pozulmasına etiraz olaraq meydana çıxan insanlar milli birlik, ərazi bütövlüyü və azadlıq tələblərini irəli sürdülər. Bu hadisələr Azərbaycan cəmiyyətində milli şüurun yüksəlişinə və müstəqil dövlətçilik ideyasının geniş yayılmasına güclü təkan verdi. 1992-ci ildə 17 Noyabrın Milli Dirçəliş Günü elan edilməsi həmin tarixi mübarizəyə verilən siyasi qiymət idi.

Milli dirçəlişin mahiyyəti xalqın yalnız siyasi azadlıq əldə etmək istəyindən ibarət deyildi. Bu proses, eyni zamanda, milli dilə, tarixə, ədəbiyyata, mədəniyyətə və mənəvi dəyərlərə qayıdışı özündə birləşdirirdi. Azərbaycan xalqı öz milli kimliyini qorumağın, dövlətçilik ənənələrini yaşatmağın və gələcək taleyini müstəqil müəyyənləşdirməyin zəruriliyini aydın şəkildə ortaya qoyurdu.

Bu tarixi prosesin ideya və siyasi əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Onun 1969–1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən iqtisadi, sosial və mədəni islahatlar müstəqil dövlət quruculuğu üçün möhkəm zəmin yaratmışdı. Sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, elmi və təhsil potensialının genişləndirilməsi, milli kadrların hazırlanması Azərbaycanın gələcək inkişaf imkanlarını artırdı. Xüsusilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsi, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması milli kadr və hərbi mütəxəssis potensialının formalaşdırılması baxımından mühüm addımlar idi.

Həmin dövrdə milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi, ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması da milli özünüdərkin inkişafına xidmət edirdi. Tarixi şəxsiyyətlərin irsinin öyrənilməsi, milli teatrın, musiqinin, təsviri sənətin inkişafı və mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi xalqın tarixi yaddaşının qorunmasında mühüm rol oynayırdı. Bu siyasət göstərirdi ki, dövlətçilik yalnız iqtisadi və siyasi institutlarla deyil, həm də milli-mənəvi dəyərlərlə möhkəmlənir.

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik iradəsini sarsıtmaq məqsədi daşısa da, əksinə, milli azadlıq mübarizəsini daha da gücləndirdi. Hadisədən bir gün sonra Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin törətdiyi qanlı cinayəti açıq şəkildə pisləyən Heydər Əliyev xalqımızın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdı. Bu mövqe onun milli maraqlara sədaqətinin və siyasi qətiyyətinin parlaq nümunəsi oldu.

Ulu Öndərin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı isə Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələ təşkil etdi. Həmin dövrdə Ermənistanın hərbi təcavüzü, blokada şəraiti və ağır iqtisadi vəziyyət Naxçıvanın mövcudluğunu ciddi təhlükə qarşısında qoymuşdu. Heydər Əliyevin rəhbərliyi ilə muxtar respublikada müdafiə və dövlət idarəçiliyi məsələləri ön plana çəkildi, siyasi sabitliyin qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər görüldü.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qəbul edilən qərarlar milli dövlətçilik tariximizdə mühüm hadisələrdən oldu. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi, muxtar respublikanın adından sovet və sosialist sözləri çıxarıldı. Eyni zamanda, üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi üçün ölkə parlamenti qarşısında vəsatət qaldırıldı. Bu qərarlar müstəqilliyə aparan yolda milli iradənin konkret siyasi ifadəsi idi.

Naxçıvanda həyata keçirilən digər mühüm tədbirlər də milli dirçəlişin məzmununu zənginləşdirdi. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması təşəbbüsü xalqımızın milli birliyinin möhkəmləndirilməsinə xidmət etdi. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması isə ölkənin gələcək siyasi inkişafında mühüm hadisəyə çevrildi.

1993-cü ildə Azərbaycanda yaranmış ağır siyasi böhran və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışını zəruri etdi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi, nizami ordunun formalaşdırılması və iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1994-cü ilin mayında atəşkəsin əldə olunması, həmin ilin sentyabrında isə «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə və iqtisadi müstəqilliyinin əsaslarının möhkəmlənməsinə şərait yaratdı.

Heydər Əliyevin 16 noyabr 1994-cü ildə Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirdiyi milli birlik və həmrəylik çağırışı da məhz bu tarixi şəraitin tələblərindən irəli gəlirdi. Ulu Öndər dövlət müstəqilliyinin qorunmasını xalqın ümumi məsuliyyəti kimi qiymətləndirir, milli iradənin və birliyin ölkənin gələcəyi üçün həlledici əhəmiyyətini vurğulayırdı.

Milli dirçəlişin humanitar və mədəni mahiyyəti bu gün də öz aktuallığını saxlayır. Milli dilin qorunması, tarixi abidələrin bərpası, teatr və musiqi sənətinin inkişafı, ədəbiyyat nümunələrinin təbliği, muzey və kitabxanaların fəaliyyətinin genişləndirilməsi milli yaddaşın gələcək nəsillərə ötürülməsinin əsas vasitələridir. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti xalqın mənəvi bütövlüyünün və milli kimliyinin qorunmasına xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması milli dirçəliş tariximizin yeni və mühüm mərhələsidir. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi xalqımızın uzun illər davam edən mübarizəsinin tarixi nəticəsi oldu. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, yaşayış məntəqələrinin, məktəblərin, mədəniyyət və sosial infrastruktur obyektlərinin yenidən qurulması milli dirçəlişin real təzahürləridir.

Bu prosesdə mədəni irsin bərpası xüsusi əhəmiyyət daşıyır. İşğal dövründə dağıdılmış tarixi abidələrin, məscidlərin, məqbərələrin, muzeylərin və mədəniyyət ocaqlarının yenidən qurulması xalqımızın tarixi yaddaşına sahib çıxmasının göstəricisidir. Çünki doğma torpaqlara qayıdış yalnız yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır; həmin ərazilərin tarixi-mədəni mühitinin, ənənələrinin və mənəvi həyatının bərpasını da nəzərdə tutur.

Beləliklə, 17 Noyabr – Milli Dirçəliş Günü xalqımızın azadlıq iradəsinin, milli həmrəyliyinin və dövlətçilik əzminin ifadəsidir. 1988-ci ildə Azadlıq meydanında başlanan xalq hərəkatından müasir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına qədər keçilən yol milli iradənin və tarixi davamlılığın parlaq nümunəsidir. Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası, milli birlik və azərbaycançılıq ideyaları bu tarixi yolun əsas mənəvi dayaqlarındandır. Bu gün həmin ideyaların yaşadılması, milli-mədəni irsin qorunması və gənc nəslin dövlətçilik ruhunda tərbiyə edilməsi müstəqil Azərbaycanın gələcək inkişafının mühüm şərtlərindəndir.

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: