Prezident İlham Əliyev: Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir

A- A A+

1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Dövlətimizin başçısı deyib: “ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi”.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. “2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik”,- deyə Azərbaycan Prezidenti vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: