Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın çoxminillik dövlətçilik ənənələri üzərində yaranıb müstəqillik tarixindəki boşluğu dolduran və Azərbaycan xalqının dövlətçilik əzmini müvəffəqiyyətlə nümayiş etdirən bir faktdır. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin yaranması on illərlə davam edən milli oyanış və maarifçilik hərəkatının uğurlu nəticələrindən idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də haqlı olaraq Xalq Cümhuriyyətinin yaranmasını Azərbaycanda A.Bakıxanov, Q.Zakir, M.Vazeh, S.Ə.Şirvani, M.F.Axundzadə, H.Zərdabi, N.Vəzirov, C.Məmmədquluzadə, H.Cavid və başqalarının simasında görkəmli şəxsiyyətlərin fəaliyyət əzmləri ilə onilliklər boyu ənənə şəklini alan, bir hərəkata çevrilən maarifçiliyin doğurduğu uğurlu məntiqi nəticə kimi qiymətləndirirdi. Bu görkəmli ziyalıların ictimai və publisistik fəaliyyəti sayəsində təbliğ edilən müstəqillik, milli suverenlik, azadlıq ideyaları geniş səviyyədə xalq arasında yayılaraq XX əsrin əvvəllərindən etibarən kütləvi xalq hərəkatının başlamasına stimul verir. 1918-ci ildə də məhz bütün Şərqdə ilk demokratik, respublika tipli dövlətin yaranmasına cəhd də Azərbaycan xalqının taleyinə düşən bir mübarizənin və qəhrəmanlığın nəticəsidir. Təsadüfi deyildi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 və 100 illik yubileylərinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlarda da məhz bu ictimai zəmin öz təsdiqini tapırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi.
XX əsrin əvvəllərində Rusiyada inqilab dalğası çarizmin hakimiyyət sütunlarını qırdıqdan, habelə I Dünya müharibəsi və Rus-Türk müharibələri Rusiyanı zəif saldıqdan sonra onun Qafqaza nəzarəti itmiş, hökmü əsaslı surətdə sınmışdı. Belə bir vəziyyətdə Qafqaz xalqları vəziyyətdən istifadə edərək müstəqilliklərini elan etmə qərarını aldılar. Müvəqqəti olaraq yaradılmış Zaqafqaziya Seymi buraxıldıqdan dərhal sonra 1918-ci il may ayının 28-də Azərbaycan da öz müstəqilliyini elan etdi və bütün dünya ölkələrinə istiqlal aktını göndərdi. Beləliklə, Şərqdə və türk dünyasında ilk dəfə ilk konstitusiyalı dövlət quruluşu məhz Azərbaycanda elan olundu. Elan olunan İstiqlal bəyannaməsində müstəqil Azərbaycan Respublikasının yarandığı bəyan edilməklə bərabər onun hakimiyyətinin şamil olduğu ərazilərin hüdudları müəyyən edilmiş, dövlətin əsas fəaliyyət prinsipləri və mövcudluq forması əksini tapmışdı. Həmçinin istiqlal aktında demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Necə ki qısa tarixi bir fasilədən sonra – 1990-cı illərdə də Azərbaycan xalqı dahi lider Heydər Əliyevin siyasi zəkası və bacarığı sayəsində bir daha azadlıq və dövlətçilik əzmini nümayiş etdirdi və müstəqilliyini elan etdi. Bu mənada Azərbaycan xalqı hər iki tarixi hadisədə millət-dövlət statusuna malik olduğunu göstərdi.
1990-1993-cü illər Azərbaycan tarixi üçün çox mürəkkəb, qarışıq və ziddiyyətli bir dönəm olaraq xatırlanır. 1988-ci illərdən başlanan milli azadlıq uğrunda xalq hərəkatının əzmi nəticəsində Sovet imperiyasının çöküşü ilə hakimiyyətə gələn qüvvələr milli müstəqilliyi əldə saxlamağa əzm göstərə bilmədilər. Azərbaycanın müstəqilliyi yenidən təhlükə altına düşdü. Beləliklə, 1990-1993-cü illər qısa zaman kəsiyi Azərbaycan xalqının tarixi taleyinin həll olunma məqamı, müstəqilliyinin itirilmə təhlükəsi kimi problemlərlə səciyyəvi olaraq tarixə yazıldı. Dilemma qarşısında qalan Azərbaycan xalqının böyük qəhrəmanlıq hesabına əldə etdiyi müstəqilliyi, milli azadlığı təhlükə altında idi.
Belə məqamda bütün çıxılmaz problemlərin qarşısında acizliyini qəbul edən hökumət özü də Heydər Əliyevə müraciət etmək zərurətini başa düşdü. Bu məqamda da yeganə ümid ocağı, bütün ağıllarda yanan işıq yeri Heydər Əliyev şəxsiyyəti idi. Bütün ağıllarda yalnız bir xilas məqamı, qurtuluş yolu görsənirdi: Heydər Əliyev. Mürəkkəb, xaotik, təhlükəli vəziyyət insanların həyatını, hətta bir ölkənin taleyi və aqibətini təhdid qarşısında qoymaqla, dostu da, düşməni də bir qərara gətirmişdi: Heydər Əliyevsiz nicat yoxdur. Dara düşən arxa axtaran kimi təhlükənin ciddiliyini başa düşən xalq da ona ədalətli, humanist, xalq mənafeli, idarəçilik təcrübəsi bəxş etmiş Heydər Əliyevi xilaskar kimi görürdü.
Həmin illərdə Naxçıvanda dövlətçilik işinə uğurla rəhbərlik edən Heydər Əliyev xalq öz təkidli tələbilə siyasi hakimiyyətə dəvət etdi. Artıq xalqın təkidli tələbi və sevgisi ilə hakimiyyətə gələn xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təsbit olunması, milli siyasətin yürüdülməsi, milli dövlətçilik tədbirlərinin həyata keçirilməsi işlərinə uğurla rəhbərlik etməyə başladı. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü, iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam” - deyən xalqın böyük oğlu Heydər Əliyev böyük tarixi vəzifə kimi xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Həmişə xalqa arxalanmaqla xalqlaşan, gücündə, qüvvətində dağlaşan Ulu öndərimiz bir daha həyat və fəaliyyəti ilə çətin sınaqlardan, çıxılmaz dilemmalardan keçə-keçə “Xalq-Heydər Əliyev”, “Heydər Əliyev-Xalq” vəhdətini nümayiş etdirib xilaskarlıq mücəssəməsinə çevrildi.
“Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, - deyən ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqillik tarixini daha öncələrə müəyyənləşdirməklə bərabər, həm də Şərq aləmində, o cümlədən türk dünyasında Azərbaycan dövlətçiliyinin oynadığı rolu bir az da artıq aydınlığa çıxardı.
“Ulu öndər Heydər Əliyev Azərbaycanının dövlətçilik tarixində mühüm xidmətlər göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinə böyük qiymət verirdi, həm dövlətə, həm də onun yaranmasına böyük əmək sərf etmiş adamlara yüksək həssaslıqla və layiqincə qiymət verir, “Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı dövrdə böyük işlər görmüşdür. Ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsasən dövlət, hökumət yaratmış, beləliklə də, Azərbaycanda həm müstəqilliyin əsasını qoymuşlar, həm də Azərbaycanda demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsasını qoymuşlar. Bunlara görə və bütün başqa sahələrdə göstərdiyi xidmətlərə görə Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir”, - deyə bildirirdi. Buna görə də müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü olaraq 26 iyun müəyyənləşdirildi. Habelə digər dövlət əhəmiyyətli sahələrin peşə bayramı günləri də məhz AXC dövründə yaranma tarixləri ilə həyata keçirilməklə bu varislik yüksək ənənələrlə davam etdirilmiş oldu.
Ulu öndərimizdən sonra da Azərbaycan Xalq Cümhuriyyətinin şamlı tarixinin uca tutulması yüksək qayğı ilə davam etdirildi. Uzaqgörən dövlət başçısı cənab İlham Əliyevin xalqın inadlı tələbi ilə ölkəmizin prezidenti seçilməsilə hər sahədə yeni mərhələ başlandı. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinə ehtiram da başlıca yerdə gəldi. Cənab İlham Əliyevin 15 fevral 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik, 2018-ci ildə isə 100 illik şanlı yubileylərinin böyük təntənə ilə qeyd edilməsi haqqındakı tarixi əhəmiyyətli sərəncamları məhz bu ehtiramı bariz nümayiş etdirdi. Habelə AXC dövründə üçrəngli ay-ulduzlu bayrağımızın qaldırıldığı 9 noyabr tarixini müstəqil respublikamızın Bayraq Günü elan olunması da bu ənənəyə yeni əhəmiyyətli rəng qatdı. Bundan başqa milli oyanış və dirçəlişdə mühüm xidmətləri ilə xatırlanan görkəmli ziyalı Əli bəy Hüseynzadənin 150 illik yubileyinin, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin görkəmli simalarından olan Məmməd Əmin Rəsulzadənin 130 illik, Əhməd bəy Ağaoğlunun 150 illik yubileylərinin keçirilməsi haqqında verilən sərəncamlar da tarixi keçmişə və mühüm xidmətləri olan görkəmli simalara göstərilən dövlət qayğısı və ümumxalq ehtiramının bariz ifadəsi kimi razılıq doğurur. “Azərbaycan Xalq Cümhuriyyəti” Ensiklopediyasının nəşri də milli dövlətçilik tarixinə böyük ehtiramın və sədaqətin nümunəsidir. Beləliklə, müstəqilliyin bərpa edildiyi və Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra siyasi varislik tam mənası ilə özünü davam və inkişaf etdirib.
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru