Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb - YENİLƏNİB - FOTOLAR
Noyabrın 18-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclasda hökumət üzvləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə ötən gün plenar iclasda təqdim olunan gündəliyin 8-ci məsələsi – Meşə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ətrafında müzakirələr davam etdirilib.
Müzakirələrdə parlamentin komitə sədrləri Fazil Mustafa və Zahid Oruc, deputatlar Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Azər Badamov, Məşhur Məmmədov, Rəşad Mahmudov çıxış edərək bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar.
Deputatlar vurğulayıblar ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri ölkə iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafının sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və dayanıqlı iqtisadi artımın təmin edilməsidir. Çıxışlarda təqdim olunan qanun layihəsi biznes mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və iqtisadi fəallığın təşviqi baxımından dövlətin həyata keçirdiyi iqtisadi siyasətin məntiqi davamı kimi dəyərləndirilib. Sənəddə təklif olunan dəyişikliklərin iqtisadi suverenliyimizin möhkəmləndirilməsi, milli sahibkarlığın gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi baxımından vacibliyi qeyd olunub.
Komitə sədri Azər Əmiraslanov deputatların söylədikləri fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin Milli Məclisin qərar layihələri olduğunu söyləyib. O bildirib ki, bu - Milli Məclisin 2027-ci il üçün xərclər smetası haqqında və Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında qərar layihələridir.
Milli Məclisin sədri qeyd edib ki, həmin qərar layihələri bu gün müzakirə olunacaq, amma qəbul edilməyəcək. Büdcə zərfinə daxil olan sənədlər üçüncü oxunuşda təsdiqlənən zaman onlarla birlikdə qəbul ediləcək.
Sonra Parlamentin işlər müdiri Firudin Hacıyev Milli Məclisin 2027-ci il üçün xərclər smetası haqqında məlumatı təqdim edib. O, növbəti il üçün dövlət büdcəsində Milli Məclisin saxlanması məqsədilə nəzərdə tutulan vəsaitin deputatların, Parlament Aparatının və İşlər İdarəsinin əməkdaşlarının, eləcə də deputat köməkçilərinin əməkhaqlarının, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının, habelə malların, iş və xidmətlərin satın alınması və bir sıra digər maddələr üzrə xərclərin ödənilməsi üçün nəzərdə tutulduğunu deyib.
Sonra Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında məlumat verib. O, 2027-ci ilin dövlət büdcəsində Hesablama Palatasının xərclər smetası üçün 14,3 milyon manat vəsait nəzərdə tutulduğuni deyib. Xərclər smetasında yer alan əməyin ödənişi, malların, işlərin, xidmətlərin satınalınması, sosial ödənişlər və digər istiqamətlər üzrə ayırmalar barədə danışıb.
İclasda parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Mülki Məcəllədə və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib. O diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olub. Layihədə qeyri-hökumət təşkilatlarının hüquqi statusunun, təşkilati strukturunun, fəaliyyət prinsiplərinin və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev məsələ barədə komitənin rəyini bildirib. O qeyd edib ki, təklif olunan dəyişikliklər daha peşəkar QHT-lərin formalaşmasını və sahəvi rəqabətin artmasını təmin edəcək, QHT sektorunda hesabatlılığı, şəffaflığı və səmərəliliyi artıracaq, vətəndaş cəmiyyəti institutlarının güclənməsinə və inkişafına əlavə stimul verəcək.
Deputat Hikmət Məmmədov məsələ barədə fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
11:14
Noyabrın 18-də Milli Məclisin növbəti plenar iclası keçirilir.
NUHÇIXAN xəbər verir ki, iclasda hökumət üzvləri iştirak edirlər.
İclasda büdcə zərfinə daxil olan qanun layihələri müzakirə olunur.