Peru Konqresinin Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşəbbüsü ilə bu ölkənin Konqresi adından Azərbaycan Respublikasına və bütün dünya azərbaycanlılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə təbrik ünvanlanıb.
NUHÇIXAN xəbər verir ki, sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşları bərabər siyasi hüquqlarla təmin edən respublika, Şərqin ilk demokratiyası olduğu qeyd edilir. Vurğulanır ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Qeyd edilir ki, bütün dünya azərbaycanlıları 28 may tarixini Azərbaycanın milli bayramı kimi qeyd edir və öz əcdadlarının bütün Qafqaz regionunda, Orta Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasında oynadıqları rolu daim xatırlayırlar.
Sənəddə ölkələrimiz arasında diplomatik münasibətlərin 1996-cı ildən qurulması və Peru üçün Azərbaycanın mühüm tərəfdaş olduğu qeyd edilir. Bildirilir ki, 2015-ci ildə Peruda Azərbaycan Respublikasının və 2017-ci ildə Azərbaycanda Peru Respublikasının səfirlikləri açılıb və bu, ölkələrimiz arasında daha sıx dostluq əlaqələrinin yaranmasına, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf etməsinə təsir göstərib.
Sənəd Konqresin birinci vitse-spikeri Leyla Çihuan Ramos tərəfindən imzalanıb.